Marneuli meri vəzifəsinə kimlərin namizədliyi müzakirə olunur
Marneulinin keçmiş meri Temur Abazovun saxlanılmasından sonra mer vəzifəsini tutmaq üçün bir neçə namizədin adının müzakirə olunduğu barədə məlumatlar yayılmağa başladı. Bu mövzu Abazov girov qarşılığında azad olunduqdan sonra da aktuallaşdı.

“Marneuli” radiosunun etibarlı mənbədən aldığı məlumata görə, əgər növbədənkənar mer seçkiləri təyin olunarsa, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani və Parlamentin majoritar deputatı Ruslan Hacıyevin namizədliklərini irəli sürmək arzusundadırlar.

Biz məlumatı dəqiqləşdirmək üçün Mamuka Naveriani ilə əlaqə saxladıq. O, bildirdi ki, bu məsələni ilk dəfə eşidir.

“Açığını deyim ki, bu məsələni sizdən eşidirəm və nə deyəcəyimi bilmirəm”, - deyə Mamuka Naveriani bildirib.

Naverianidən fərqli olaraq Ruslan Hacıyev onun barəsində yayılmış məlumatlara təəccüblənmədi, güldü və bu söhbətləri təxribat adlandırdı. O, dedi ki, ona qarşı “işsiz-gücsüz” adamların yaydığı belə söhbətlər həmişə olub və olacaq.

“Marneuli” radiosunun əldə etdiyi daha bir məlumata görə isə Temur Abazov mer vəzifəsini tutmağı planlaşdırır, lakin bu halda Marneuli şəhəri nəzərdə tutulmur. Biz Abazovla əlaqə saxlamağa cəhd etsək də, o, zənglərimizə cavab vermədi.

"Marneuli" Radiosu
Print