Sakinlərin artıq dördüncü ildir ki, işıqlandırılmasını tələb etdikləri qaranlıq yol

Artıq illərdir ki, Marneuli sakinləri Rustaveli küçəsində yerləşən Mağalaşvili adına körpünün alt hissəsindəki yolda işıqlandırmanın olmamasından şikayətlənirlər.


Sözü gedən körpünün olduğu ərazidə Marneuli 2 saylı ictimai məktəbi yerləşir və həmin məktəbin şagirdlərinin dərs çıxışı gecə saatlarına təsadüf etdiyi üçün valideynlər orada işıqlandırmanın olmamasına görə narahat olurlar.

Gecə işıqlandırmanın olmamasına görə oraya toplaşan sahibsiz küçə itləri sakinləri daha da narahat edir. Bizimlə söhbəti zamanı müsahiblərdən biri həmin küçədə yerləşən kafenin işçilərdən birini orada toplaşan sahibsiz küçə itlərinin dişlədiyini bildirdi.

Xatırladaq ki, bir müddət bundan əvvəl körpünün alt hissəsində yerləşən mağazaların birində oğurluq hadisəsi, küçədə çaqqalın bir nəfəri dişləməsi halları qeydə alınmışdır. Bütün bunlara baxmayaraq işıqlandırma ilə bağlı heç bir tədbir görülməyib.

2015-ci ildə bir qrup gənc tərəfindən bələdiyyəyə həmin ərazidə işıqlandırma sisteminin yaradılması ilə bağlı ərizə təqdim olunub. Bələdiyyə tərəfindən ərizəyə müsbət cavab verilmiş və yaxın zamanda problemin həll olunacağı bildirilmişdi. O vaxtdan bələdiyyə tərəfindən artıq 3-cü büdcənin də təsdiqlənməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb.

İnfrastrukturun İnkişafı, Təhlil və Monitorinq şöbəsinin əməkdaşı Davit Mumladze bizimlə söhbəti zamanı bildirdi ki, Mağalaşvili adına olan körpünün alt hissəsindəki yolda işıqlandırma problemi tez bir zamanda həll olunacaq. İşıqlandırmasının dəqiq nə vaxt quraşdırılacağını deməyən Mumladze, layihənin 2019-cu ilin büdcəsində nəzərdə tutulduğunu qeyd etdi.


"Marneuli" Radiosu

 

Print