Bu gün, 2 fevral tarixində Təzəkənddə “Kəndə dəstək proqramı”
çərçivəsində keçirilən toplantı baş tutub.
Yerli özünüidarə nümayəndələri kənddə 150 imza toplayıblar və
tolantının qaydaya uyğun keçirildiyini elan ediblər. Əhali kəndin
daxili yollarına çınqıl tökülməsini dəstəkləyib ki, bunun üçün də
20 000 lari xərclənəcək.
Qeyd edək ki, Təzəkənddə bu gün ümumi toplantı təkrar keçirilib.
İlk toplantı 1 fevral tarixində keçirilmişdi, amma görüşdə yetərli
sayda insan iştirak etməmişdi. Bu səbəbdən Marneuli meriyasının
Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia
Naveriani toplantının baş tutmadığını elan edib.
Bu gün, 2 fevral tarixində Təzəkənddə kənd toplantısında yerli
kişilərlə yanaşı qadınlar da iştirak edirdilər. Marneuli
meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin
icraçısı Maia Naveriani “Marneuli” radiosuna müsahibə vermək
istəmədi. Şəxsi söhbət zamanı isə bildirdi ki, toplantıda iştirak
edən qadın və kişilərin sayı imzaların yekunlaşdırılması, yekun
protokolun tərtib edilməsindən sonra məlum olacaq.
Kəndə dəstək proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 232 000
lari ayrılıb.
Pul kəndlərə əhalinin sayına əsasən bölünüb. Hər kəndə ən az 12
000, ən çox isə 20 000 lari ayrılıb.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan
15 fevrala qədər keçiriləcək.