İranda su iflası: 'Xeyli israf etmişik'
On illərin yanlış idarəçiliyi, uzunmüddətli quraqlıq İranı su iflasına yaxınlaşdırıb -ekspertlər durumu belə təsvir edirlər.

Su anbarları boşalmaq üzrədir, yağıntı rekord həddə aşağıdır. Hakimiyyət təxminən 10 milyon əhalisi olan paytaxt Tehranda suyu fasilə ilə verməyə başlayıb.

Prezident Məsud Pezeşkian xəbərdarlıq edib ki, su böhranı Tehranın bəzi hissələrinin köçürülməsinə səbəb ola bilər. O, hətta paytaxtın köçürülməsi

ehtimalından da danışıb.

Kanadada yerləşən BMT Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Madani hakimiyyətin xəbərdarlığının yetərli olmadığını deyir.

"Onların xəbərdarlıq səviyyəsi yerdəki reallıqla müqayisədə çox aşağıdır",
– əvvəllər İranın Ətraf Mühit Departamentinin rəis müavini vəzifəsində çalışmış Madani AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) bildirib.

Onun sözlərinə görə, hökumət çox ehtiyatlı davranır, çünki ictimaiyyətdə stress yaratmaq, narazı salmaq istəmir.

Su iflası o deməkdir ki, istehlak təchizatı üstələyir, resurslar bərpa olunmayacaq dərəcədə tükənir. Ekspertlərə görə, bu vəziyyət daha çox hökumətin kənd təsərrüfatını və inkişafı təşviq etmək niyyəti güdən yanlış siyasətindən yaranır.


Durum çoxmu ağırdır?
İranda hazırda son 60 ilin ən ağır quraqlığı yaşanır.

"Yağış yağmasa, noyabrda suyu fasilə ilə verməli olacağıq. Quraqlıq bundan sonra da davam etsə, sadəcə suyumuz olmayacaq, Tehranı köçürmək məcburiyyətində qalacağıq", –Pezeşkian bu ayın əvvəlində deyib. Digər rəsmilər isə paytaxtın köçürülməsinin əhəmiyyətini kiçiltməyə çalışıblar.

Keçən həftədən Tehranda axşam saatlarında su təchizatı dayandırılıb. Hakimiyyət gündüz də sudan istifadəni azaltmaq çağırışı edib. İranın digər bölgələrində suyun fasilə ilə verilməsi ilə bağlı hələlik açıqlama yoxdur.

Tehranı su ilə təchiz edən beş əsas anbar tarixən ən aşağı həddə düşüb, hazırda ümumi tutumun cəmi 11 faizi qədər suyu qalıb.

İranın ikinci böyük şəhəri, 4 milyon əhalisi olan Məşhəddə anbarlardakı suyun səviyyəsi 3 faizdən aşağı düşüb, şəhərə su verən dörd bənddən üçü artıq fəaliyyət göstərmir.

İranın su anbarlarının 10 faizini təşkil edən 19 əsas bənd tamamilə quruyub, 20-dən çox bənddə ümumi tutumun 5 faizindən azı qədər su var.

Plan varmı?

İran rəsmiləri hələlik fövqəladə vəziyyətlə bağlı konkret plan təqdim etməyiblər.

AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, hakimiyyət adətən böhranların miqyasını kiçiltməyə çalışır ki, məsuliyyətdən yayınsın, ictimai çaxnaşma yayılmasın. Paytaxt Tehranın köçürülməsi ehtimalının gündəmə gətirilməsi isə durumun nə qədər ciddi olduğunu göstərir.

Bu həftənin əvvəlində parlamentdə çıxış edən prezident Pezeşkian tənqidçilərinə müraciətlə deyib ki, "su problemini həll edə biləcəklərini iddia edənlərə tam səlahiyyət veriləcək” ki, su çatışmazlığı ilə bağlı addımlar atsınlar.

Tehranda quraqlıq böhranı fonunda insanlar su çənləri alırlar

Ekspert K.Madaninin sözlərinə görə, məsələni daha da çətinləşdirən amil cəmiyyətin hakimiyyətə inamsızlığıdır.

"Cəmiyyət durumun nə qədər qorxulu olduğunu tam dərk etmir, hökumət isə insanlardan su sərfiyyatını azaltmağı xahiş etməyə qorxur", – o deyir.

İranda su qıtlığı son illər bir neçə dəfə etirazlara səbəb olub. 2021-ci ilin iyulunda Xuzistan vilayətindəki etirazlar qanlı repressiyalarla nəticələnib.

Qısamüddətli həll yollarının olmasına baxmayaraq, ekspertlər fəlakəti önləmək üçün əsaslı islahatlar və ciddi siyasi qərarlar gərəkdiyini deyirlər.

İtaliyadan dayanıqlı inkişaf üzrə ekspert Azam Bəhrami "Radio Fərda"ya bildirib ki, uzunmüddətli perspektivdə problemin həllindən ötrü su israfının hansı sahələrdə baş verdiyini müəyyənləşdirmək, planlaşdırma aparmaq vacibdir: "Bir çox məhsulların istehsalında özümüzü təmin etməyə çalışarkən çoxlu su israf etmişik".

İran ərzaq tələbatının təxminən 85 faizini daxili istehsalla ödəyir. Bu siyasət on illərdir ölkəyə tətbiq edilən beynəlxalq sanksiyalar fonunda formalaşıb, qlobal taxıl bazarlarından asılılığı azaltmaq məqsədi daşıyır.

Amma ekspertlər illərdir xəbərdarlıq edirlər ki, əsasən quraq iqlimə malik İranın belə bir özünütəminat siyasətini davam etdirmək üçün yetərincə su ehtiyatı yoxdur.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google