"Gürcü Arzusu" hökumətinin Baş naziri İrakli Kobaxidze bu gün,
fevralın 24-də əmək bazarının tədqiqatının təhlilinin nəticələrinin
təqdimatını keçirib.
Kobaxidzenin izahına görə, tədqiqatın məqsədi dövlət
universitetlərində əmək bazarının tələblərinə uyğun olaraq
ixtisaslar üzrə kvotaların necə bölüşdürüləcəyini müəyyən
etməkdir.
Tədqiqatı kim aparıb?
Tədqiqat İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən
Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilib. Prosesə Gürcüstan
Biznes Assosiasiyası da cəlb olunub.
"Tədqiqatın düzgün metodologiya və düzgün yanaşma ilə
aparılması üçün özəl sektorla əməkdaşlıq bizim üçün vacib
idi", - deyə İrakli Kobaxidze bildirib.
Tədqiqatın metodologiyası
Kobaxidzenin sözlərinə görə, tədqiqatın metodologiyası ən yaxşı
beynəlxalq təcrübəyə əsaslanır. Beynəlxalq Əmək Təşkilatı (BƏT),
Avropa Təhsil Fondu və Peşə Təhsili İnkişafı üzrə Avropa Mərkəzi
kimi təşkilatların təcrübəsindən istifadə olunub.
Təsadüfi seçim prinsipi ilə seçilmiş 12 500 müəssisə sorğuya cəlb
edilib: 470 iri, 1 752 orta və 10 278 kiçik müəssisə. Sorğunun
keçirilməsində Gürcüstan Milli Statistika Xidmətinin 153
müsahibəçisi iştirak edib. Tədqiqatın xəta payı 0,49% təşkil
edir.
Paralel olaraq, 2025-ci ilin noyabr-dekabr aylarında dövlət
sektorunda işçi qüvvəsinə tələbatla bağlı da tədqiqat aparılıb. Baş
nazirin bildirdiyinə görə, bu tədqiqat "istisnasız olaraq bütün
dövlət qurumlarını, təşkilatlarını və dövlət hüquqi şəxslərini"
əhatə edib.
Nə öyrənilib?
Əmək bazarında sektorlar üzrə peşəkar bölgü - harada nə qədər
insanın çalışdığı və sektorlar üzrə işçi qüvvəsinin əvəzlənməsi
statistikası öyrənilib.
"Narahatedici uyğunsuzluqlar"
"Tələbələrin qəbul göstəriciləri ilə əmək bazarındakı
tələbat arasında çox kəskin uyğunsuzluqlar var. Bir sıra ixtisaslar
üzrə çox tez-tez ya kəskin kəsir, ya da əksinə, kəskin bolluq
müşahidə olunur", - İrakli Kobaxidze deyib.
Peşə qrupları üzrə işçi qüvvəsinə beş illik tələbat da öyrənilib.
Buraya Anakliya limanı layihəsi, Qara dəniz sualtı kabeli və
Vaziani hava limanı kimi iri infrastruktur layihələri də daxil
edilib.
Növbəti 5 ildə ali təhsilli nə qədər mütəxəssisə ehtiyac
olacaq?
Tədqiqat göstərir ki, 64 095 ali təhsilli kadra ehtiyac olacaq.
Onlardan 42 316 məzun özəl sektorda, 21 779-u isə dövlət sektorunda
tələb olunacaq.
Ən çox tələb olunan peşələr bunlardır:
Orta məktəb müəllimləri
Satış və marketinq menecerləri
Tibb bacıları
Həkimlər
Tikinti menecerləri
Proqramçılar
Peşə təhsili müəllimləri
Tikinti nəzarətçiləri
Elektriklər
Təchizat və distributsiya menecerləri
Hansı ixtisaslar üzrə bolluq var?
Tədqiqata əsasən, ən çox bolluq hüquqşünaslar üzrədir.
"Dərinləşdirilmiş tədqiqatımız aşkar etdi ki, ildə orta
hesabla əmək bazarına 678 hüquqşünasın daxil olmasına ehtiyacımız
var. Yəni hər il tələbat 678 hüquqşünasdır, halbuki 3600 nəfər
hüquq fakültəsinə qəbul olur və təxminən 2050 nəfər məzun
olur."
"Biz faktiki olaraq tələbələri qurban verirdik ki, onlar
konkret kursu keçsinlər, ali təhsil diplomu alsınlar və heç vaxt öz
diplomlarına uyğun olaraq işlə təmin oluna bilməsinlər. Bu isə
təbii ki, dövlətin məsuliyyətidir", - deyə Baş nazir
vurğulayıb.
Təhlilə əsasən, aşağıdakı ixtisaslar da kəsirli (çatışmayan)
peşələr hesab olunur:
Mühəndis-texniki istiqamət
Kimya texnologiyası və metallurgiya
Energetika
Nəqliyyat istiqamətləri
Mamalıq işi
Sosial iş
Kəsirli və bol peşələrdən başqa, İrakli Kobaxidzenin sözlərinə
görə, tədqiqat biznesin idarə edilməsi (biznes inzibatçılığı)
istiqamətində ixtisaslaşma (kvalifikasiya) məsələsinin problemli
olduğunu da göstərib.
Universitetlərə nə qədər tələbə qəbul olmalıdır?
Bu məlumatlara əsasən, hər il universitetlərə təxminən 14 400
tələbə qəbul olmalıdır.
"Yekun olaraq təxminən 21 300 tələbə üçün qəbul elan ediləcək,
müvafiq olaraq biz əmək bazarının təhlilinin bizə verdiyi optimal
göstəricini 50% üstələyirik. Lakin tədricən, əlbəttə ki, əmək
bazarının tələbləri ilə tələbələrin qəbul göstəriciləri arasında
tam yaxınlaşmanı təmin etməliyik", - deyə İrakli Kobaxidze təqdimat
zamanı bildirib.
Peşə təhsilinin inkişafı
Kobaxidzenin sözlərinə görə, tədqiqat göstərib ki, bu gün
işləyənlərin yalnız 60%-nin öz iş yerində diploma ehtiyacı var.
"İslahatımızın əsas məqsədlərindən biri ölkədə peşə təhsilinin
təkmilləşdirilməsi və müvafiq keyfiyyətin yüksəldilməsidir."
"Gürcü Arzusu" hökuməti "Ali təhsil islahatı" çərçivəsində dövlət
universitetlərinin tədris proqramlarını həyata keçirmək hüququnun
məhdudlaşdırılması barədə qərarı təqdim edib. Kvotalar əmək
bazarının təhlilinə əsaslanıb.
Təhsil naziri Qivi Mikanadzenin daha əvvəl verdiyi bəyanata görə,
"dövlət universitetlərində kvotalar ali təhsil islahatı
konsepsiyası ilə müəyyən edilmiş 'bir şəhər, bir fakültə'
prinsipinə uyğun olaraq, universitetlərin ənənəvi profili nəzərə
alınmaqla bölüşdürüləcək".
Mikanadzenin sözlərinə görə, dövlət universitetlərinə tələbə qəbulu
kvotalarına hər il yenidən baxılacaq.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415