İran Futbol Federasiyası bildirir ki, Dünya Kubokunun başlamasına
bir neçə gün qalmış federasiyaya ayrılmış bilet kvotası ləğv
edilib.
İyunun 9-da yayılan bəyanatda deyilir ki, "çoxsaylı iranlı futbol
azarkeşi rəsmən elan olunmuş prosedura güvənərək oyunları izləmək
üçün əvvəlcədən plan qurmuşdu".
Federasiya bildirib ki, Dünya Çempionatının hər oyunu üçün bilet
tutumunun 8 faizi iştirakçı ölkələrin federasiyalarına ayrılmalı
idi. Buna uyğun olaraq İran Futbol Federasiyası rəsmi saytı
vasitəsilə milli komandanın Yeni Zelandiya, Belçika və Misir ilə
keçirəcəyi oyunların biletlərinin satışına başlamışdı.
ABŞ, Meksika və Kanadada bu ay start götürən 2026-cı il Dünya
Kubokunun təşkilatçıları, eləcə də FIFA hələlik bu məsələyə
münasibət bildirməyiblər.
İran millisinin bu Dünya Kubokunda iştirakı bir sıra mübahisələrlə
müşayiət olunub.
"The New York Times" qəzeti ABŞ hökumətindəki dörd yüksək vəzifəli
rəsmiyə istinadla yazıb ki, İran millisinin bütün 26 futbolçusunun
viza müraciəti qəbul edilib. Amma komandanı müşayiət etməli olan
10-dan çox texniki heyət üzvü və federasiya rəsmisinə ABŞ-yə giriş
icazəsi verilməyib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, İslam
İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslərin milli
komandanın heyətində Dünya Çempionatına göndərilməsi cəhdlərinin
qarşısı alınacaq.
8 iyun
İran futbolçuları oyundan bir gün əvvəl ABŞ-yə gedə
biləcəklər
İran milli komandasının futbolçularına Dünya Kubokunun hər
oyunundan bir gün əvvəl ABŞ ərazisinə daxil olmağa icazə verilib.
Bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib.
Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
İran yığmasının düşərgəsi Meksikada yerləşəcək. Komanda qrup
mərhələsindəki oyunlarını Kaliforniya və Sietldə keçirəcək. İran
ilk matçını iyunun 15-də Yeni Zelandiyaya qarşı oynayacaq.
İranın Meksikadakı səfiri Əbülfəzl Pasəndidə bundan əvvəl
bildirmişdi ki, futbolçular və texniki heyət ABŞ-yə yalnız oyun
günü daxil ola və elə həmin gün də ölkəni tərk etməli
olacaqlar.
Mehdi Tac isə yarırəsmi İSNA agentliyinə açıqlamasında bu məsələnin
həll olunduğunu vurğulayıb:
"Milli komandamıza oyundan
bir gün əvvəl ölkəyə daxil olmağa icazə
veriblər".
Dünya çempionatları tarixində ilk dəfə ev sahibi ölkə müharibə
şəraitində olduğu bir dövlətin milli komandasını qəbul edəcək.
ABŞ tərəfi İran futbolçularının oyunlar zamanı ölkədə nə qədər qala
biləcəyi ilə bağlı məsələni şərh etməyib. Bununla belə, ABŞ Dövlət
Departamentindən bildirilib ki, İran yığmasının idmançı və texniki
heyətinə dünya çempionatında iştirak üçün zəruri vizalar artıq
təqdim olunub.
3 iyun
Rubio: SEPAH-la əlaqəli şəxslər Dünya Kubokuna
buraxılmayacaq
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranın Dünya
Kubokundakı nümayəndə heyətinə İslam İnqilabı Keşikçiləri Korpusu
(SEPAH) ilə əlaqəsi olan şəxslərin daxil edilməsinə icazə
verməyəcək. İyunun 11-də başlayacaq futbol üzrə Dünya Kubokuna
Kanada, Meksika və ABŞ birgə ev sahibliyi edir.
İran milli komandası oyunlarını ABŞ-də keçirəcək, komandanın bazası
isə Meksikada yerləşəcək.
Rubio Vaşinqtonla Tehran arasında gərginliyin artmasına baxmayaraq,
ABŞ-nin İran milli komandasının və onu müşayiət edən texniki
heyətin ölkəyə girişinə etiraz etmədiyini bildirib.
"İran komandasının ölkəyə gəlməsi ilə bağlı heç bir
problemimiz yoxdur. Amma onların nümayəndə heyətinə idmanla əlaqəsi
olmayan, SEPAH və ya buna bənzər qurumlarla əlaqəli olduğunu
bildiyimiz şəxslərin daxil edilməsinə icazə verməyəcəyik. Buna görə
də bu məsələyə çox ciddi nəzarət edəcəyik", – Rubio
iyunun 2-də ABŞ Nümayəndələr Palatasının komitə iclasındakı
çıxışında bildirib.
29 may
İran millisi Meksikada məşq edir, ABŞ vizalarını isə hələ də
almayıb
İranın futbol üzrə milli komandası hazırda Meksikada məşq keçir.
Amma komanda ABŞ-yə səfər etmək üçün hələ də viza ala bilməyib.
Bunu mayın 28-də İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndidə
bildirib.
Komanda Dünya Kuboku öncəsi hazırlıqlarını ABŞ-nin Tuson şəhərində
(Arizona ştatı) keçirməli idi. Amma viza problemi səbəbindən
məşqləri Meksikanın ABŞ sərhədinə yaxın Tixuana şəhərinə
köçürüblər.
Səfir Tixuanadakı məşq bazasına ziyarəti zamanı bildirib ki,
"şimaldakı ölkə" - ABŞ İran komandasını qəbul etməklə bağlı
öhdəliyini yerinə yetirməyib.
"Oyunçulara viza
verib-verməyəcəklərini bilmirik", – deyə səfir qeyd
edib.
İran iyunun 15-də Yeni Zelandiya, iyunun 21-də isə Belçikaya qarşı
qrup oyunlarını Los-Ancelesdə keçirməlidir.
İyunun 26-da Misirlə nəzərdə tutulan qarşılaşma isə Sietldə baş
tutmalıdır.
İran Futbol Federasiyasının rəhbəri bildirib ki, oyunçuların həm
ABŞ-dəki matçlara gedib-gəlməsi, həm də Meksikadakı təlim
düşərgəsinə qayıda bilməsi üçün onlara çoxdəfəlik vizaların
veriləcəyinə ümid edirlər.
"Dünya Kubokunda bərabər şərtlərlə iştirak etmirik", – deyən
Pəsəndidə əlavə edib ki, Yaxın Şərqdəki müharibə səbəbindən komanda
lazımi şəkildə hazırlıq keçə bilməyib.
İranın dünya çempionatında iştirakı ABŞ ilə müharibə səbəbindən
aylardır qeyri-müəyyən idi. İran tərəfi oyunların ABŞ əvəzinə,
turnirin digər ev sahiblərindən olan Meksikada keçirilməsini istəsə
də, bu müraciət rədd edilib.
ABŞ rəsmiləri isə İran futbolçularının ABŞ-yə səfər edəcəyini
gözlədiklərini bildiriblər.
Hazırda tərəflər arasında kövrək atəşkəs qüvvədədir.
26 may
İran: FIFA futbolçulara viza alacaqlarına söz verib
Yaxın Şərqdə müharibənin davam etməsinə baxmayaraq, FIFA İran milli
komandasının üzvlərinə 2026-cı il Dünya Çempionatında ABŞ-də
oynamaq üçün viza alacaqlarına söz verib. Bunu İranın dövlət
mediası ölkənin idman nazirinə istinadən yazıb.
Yarırəsmi ISNA agentliyi idman naziri Əhməd Dünyamalıdan sitat
gətirir:
"FIFA prezidenti bizə söz verdi ki, bütün
oyunçularımız viza alacaq. Oyunçularımıza viza verilməməsi üçün heç
bir səbəb yoxdur".
"Ümid edirəm ki, milli komandanın turnirdə sakit və
nizamlı şəkildə iştirakı üçün bütün şərtlər təmin
olunacaq", - o əlavə edib.
ABŞ və İran arasındakı münaqişə fonunda İran millisinin Dünya
Kubokunda iştirakı ilə bağlı aylardır qeyri-müəyyənlik davam
edir.
Mayın 23-də İran Futbol Federasiyası milli komandanın çempionat
zamanı Meksikanın ABŞ sərhədində yerləşən Tixuana şəhərində
yerləşəcəyini açıqlayıb. Dünya Kubokuna ABŞ, Kanada və Meksika
birgə ev sahibliyi edəcək.
Meksika prezidenti Klaudiya Şeynbaum mayın 25-də bildirib ki,
ölkəsi İran milli komandasının ABŞ viza məhdudiyyətlərindən
yayınması üçün onların orada yerləşməsinə icazə verəcək.
6 may
İran DÇ-2026-nı boykot edə bilər: Mehdi Tacdan ABŞ və FIFA-ya
ultimatum
ABŞ İranın hərbi və dövlət institutlarına, xüsusilə də İslam
İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) hörmətlə yanaşılacağına dair
rəsmi təminat verməsə, milli komanda 2026-cı il dünya çempionatında
iştirak etməyəcək. Bunu İran Futbol Federasiyasının rəhbəri Mehdi
Tac bildirib.
O, mayın 5-i axşam verdiyi açıqlamada İran yığmasının turnirə ciddi
hazırlaşdığını vurğulayıb. Federasiya rəhbərinin sözlərinə görə,
yerli çempionat başa çatdıqdan sonra futbolçuların təlim-məşq
toplanışı və yoldaşlıq oyunları keçirmək üçün Türkiyəyə yollanacağı
gözlənilir.
M.Tac bildirib ki, federasiya FIFA prezidenti Canni İnfantino və
digər rəsmilərlə keçiriləcək görüşlərdə "ciddi təminatlar" tələb
edəcək.
M.Tac özünün və daha iki rəsmi şəxsin FIFA konqresinə gedərkən
Toronto hava limanından geri qaytarılması insidentinə də toxunub.
Onun sözlərinə görə, əgər ABŞ-də bənzər hadisə təkrarlanarsa, milli
komanda turnirdə iştirakdan imtina edərək geri qayıda bilər.
"Milli institutlarımıza, xüsusilə SEPAH-a hörmətsizlik
edilməsinə yol verilməməlidir. Onların hərbi qurumlarımızı və rəsmi
şəxslərimizi təhqir etməyə ixtiyarı yoxdur", – o
vurğulayıb.
İran Futbol Federasiyasının yaydığı məlumata görə, nümayəndə heyəti
"Toronto hava limanındakı immiqrasiya məmurlarının davranışı və
ölkənin silahlı qüvvələrinin strateji qurumlarından birinə qarşı
təhqiramiz münasibət" səbəbindən Kanadaya səfərini yarıda qoyaraq
geri dönüb.
Kanada hökuməti isə konkret ad çəkmədən bəyan edib ki, SEPAH ilə
hər hansı əlaqəsi olan şəxslərin ölkəyə girişinə icazə verilmir.
Ottava 2024-cü ilin iyununda SEPAH-ı rəsmən terror təşkilatları
siyahısına daxil edib. ABŞ da Donald Trampın ilk prezidentliyi
dövründə (2019-cu ildə) analoji addım ataraq bu qurumu terror
təşkilatı kimi tanımışdı.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.