Nobel Sülh Mükafatı cənubi afrikalı hakim qadına verildi
2026-cı il Nobel Sülh Mükafatının qalibi məlum olub. Norveç Nobel Komitəsi bu mükafata "sülhün və beynəlxalq hüququn qorunması sahəsindəki xidmətlərinə görə" Navanethem "Navi" Pilleyi layiq görüb.

N.Pilley Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərində anadan olub. Nobel Komitəsinin məlumatına görə, o, vətənində kəskin ayrıseçkilik və təzyiqlərlə üzləşsə də, hüquqşünas peşəsinə yiyələnə bilib. Pilley CAR Ali Məhkəməsinə təyin

olunan ilk qeyri-ağdərili qadın hakim kimi tarixə düşüb. O, həmçinin Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının sədri, BMT-nin insan hüquqları üzrə ali komissarı və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

2025-ci ildə Nobel Sülh Mükafatı Venesuelanın müxalifətçi siyasətçisi Mariya Korina Maçadoya verilib. O, bu mükafata "Venesuela xalqının demokratik hüquqlarının təşviqi yönündə yorulmaz fəaliyyətinə, diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsinə görə" layiq görülüb. 2026-cı ilin yanvarında Maçado medalını ABŞ prezidenti Donald Trampa təqdim edib. O, Trampın Venesuelanın azadlığına olan "müstəsna" sədaqətini yüksək qiymətləndirdiyini bildirib.

Bundan əvvəl ABŞ qüvvələri Venesuela lideri Nikolas Maduronu xüsusi əməliyyatla ələ keçirərək Nyu-Yorka aparıb və həbsxanaya yerləşdirib. O, özünə qarşı narkotik ittihamlarını rədd edir.

Enn Karson

8 oktyabr
Ədəbiyyat üzrə 'Nobel' kanadalı yazıçıya verildi

2026-cı il ədəbiyyat üzrə Nobel mükafatı kanadalı yazıçı Enn Karsona verilib. İsveç Akademiyası bildirir ki, o, bu mükafata "klassik ənənə ilə oynaq dialoq quraraq, müasir ədəbiyyatda yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə" layiq görülüb.

Mükafatın məbləği 12 milyon İsveç kronudur (1.2 milyon ABŞ dolları).

"Reuters" yazır ki, şair və esseçi Karsonun yaradıcılığında şeir, nəsr, dialoq və tərcümə birləşərək çox vaxt janr sərhədlərini aşır.

O, xüsusilə qədim yunan ədəbiyyatından tərcümələri ilə geniş tanınır. Karsonun zəngin yaradıcılığında opera librettoları, ədəbi tənqid nümunələri, eləcə də 1998-ci ildə işıq üzü görmüş "Qırmızının avtobioqrafiyası" mənzum romanı daxildir.

Henri Kaqan və Kenso Soai

7 oktyabr
Kimya üzrə Nobel mükafatı molekulun tək güzgü formasının yaradılmasına görə verildi

2026-cı il kimya üzrə Nobel mükafatı Henri Kaqan və Kenso Soaiyə verilib. Onlar bu mükafata molekulun bir-birinin güzgü əksi olan iki formasından yalnız birinin yaradılması kəşfinə görə layiq görülüblər. Uzun illərdir həlli gözlənilən bu məsələ dərman istehsalı üçün son dərəcə əhəmiyyətli sayılır.

Alimlər əvvəllər amin turşuları kimi bəzi molekulların bir-birinin güzgü əksi olan iki variantda mövcud olduğunu müşahidə etmişdilər. Amma canlı orqanizmlərdə bu variantlardan yalnız birinə rast gəlinir. Belə bir kimyəvi asimmetriyanın necə yarana biləcəyi isə uzun müddət kimyaçılar üçün sirr olaraq qalırdı. Kaqan və Soai məhz bu sirri açmağa nail olublar.

Elmi dildə mükafat "asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə" verilib. "Builki mükafat kimyanın fundamental əsasları ilə bağlıdır", – Kimya üzrə Nobel Komitəsinin sədri Hayner Linke deyib.

Soai yapon, Kaqan isə fransızdır.

Linkenin sözlərinə görə, həyat üçün vacib bir çox molekul, sol və sağ əl kimi, bir-birinin güzgü əksi olan iki formada mövcuddur. Canlı orqanizmlər isə əsasən bu formalardan yalnız birindən istifadə edir. Yunanca "əl" sözündən yaranan və "homoxirallıq" adlanan bu fenomen bir əsrdən çoxdur ki, kimyaçıları düşündürür.

Builki mükafatı qazandıran kəşf isə kimyəvi reaksiyaları molekulun güzgü formalarından yalnız birinin üstünlük təşkil etməsinə yönəltməyin mümkünlüyünü ortaya qoyub. Bu, dərman istehsalında reaksiyalar hazırlayan kimyaçılar üçün vacibdir.

"Bir çox dərman molekulu bir-birinə tam uyğun gəlməyən, güzgü əksi olan iki variantda mövcuddur: onlardan biri müalicəvi təsir göstərir, digəri isə arzuolunmaz və bəzən zərərli yan təsirlərə səbəb ola bilər", – Nobel Fondu bildirib.

Frensis Halzen

6 oktyabr
Cənub qütbündə kosmosu izləyən alimə 'Nobel' verildi

2026-cı il fizika üzrə Nobel mükafatı Frensis Halzenə verilib.

İsveç Kral Elmlər Akademiyası mükafatın belçikalı alimə ""IceCube" Neytrino Rəsədxanasına və astrofiziki mənşəli yüksək enerjili neytrinoların kəşfinə həlledici töhfələrinə görə" verildiyini açıqlayıb.

F.Halzen ABŞ-nin Viskonsin-Medison Universitetində çalışır.

Professor Halzen ilk dəfə 1988-ci ildə uzaq kosmosdan Yerə çatan neytrinoları aşkarlamaq üçün Cənub qütbündəki buz kütləsindən istifadəni təklif edib. Onun bu ideyası sayəsində 2011-ci ildə Antarktidada inşa edilən "IceCube" rəsədxanası minlərlə işığa həssas sensorun yerləşdirildiyi bir kubkilometrlik nəhəng buz blokundan ibarətdir. Həmin sensorlar uzaq kosmosdan gələn yüksək enerjili neytrinoları qeydə almağa imkan verir. Bununla da tamamilə yeni elm sahəsinin — neytrino astronomiyasının əsası qoyulub.

Karl Deysserot, Peter Heqeman və Georq Naqel

5 oktyabr
Tibb üzrə Nobel mükafatının qalibləri elan olundu

Oktyabrın 5-də 2026-cı il fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb.

Karl Deysserot, Peter Heqeman və Georq Naqel "işıqla idarə olunan ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə" bu ali mükafata layiq görülüblər.

Bu həftə ərzində fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatı qaliblərinin də adları açıqlanmalıdır. İqtisadiyyat üzrə mükafatın sahibinin isə gələn həftə açıqlanacağı gözlənilir.

Tibb üzrə Nobel mükafatı laureatlarını İsveçin Karolinska İnstitutunun Nobel Assambleyası seçir. Qaliblərə 12 milyon İsveç kronu (1.2 milyon ABŞ dolları) məbləğində pul mükafatı verilir. Bir neçə qalib olarsa, bu məbləğ onların arasında bərabər bölünür.

Mükafatı təqdim edən qurumun məlumatına görə, optogenetika "canlı beyində ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini aktivləşdirməyə və ya dayandırmağa imkan verir". Beynin sirlərini açmaq üçün dünyanın müxtəlif laboratoriyalarında bu üsuldan geniş istifadə olunduğu bildirilir.

İlk beş sahə üzrə Nobel mükafatı isveçli ixtiraçı və sənayeçi Alfred Nobelin vəsiyyətinə əsasən təsis edilib. Birinci və İkinci Dünya müharibələri dövründəki qısa fasilələr istisna olmaqla, bu mükafatlar 1901-ci ildən bəri mütəmadi olaraq verilir.

İqtisadiyyat üzrə mükafat isə daha sonralar- 1968-ci ildə İsveçin Mərkəzi Bankı (Riksbank) tərəfindən təsis olunub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google