Batumi meriyası, Acarıstan hökuməti kimi, bələdiyyə əmlakını
rəqabətsiz şəkildə satır. Bu hərraclarda qalib gələn səkkiz
şirkətin direktorları,
hazırkı və keçmiş sahibləri müxtəlif vaxtlarda “Gürcü Arzusu”na
ümumilikdə 1 536 000 lari ianə ediblər. Hərraclarda qalib gələn
şirkətlər dövlət satınalmalarından 4 milyon lariyə yaxın gəlir əldə
ediblər.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatı 2025-ci il yanvarın
1-dən bu günədək Batumi
meriyası tərəfindən bələdiyyənin daşınmaz
əmlakının özəlləşdirilməsi məqsədilə təşkil olunan elektron
hərracları araşdırıb. Bu müddət ərzində meriya ümumilikdə 118
elektron hərrac elan edib. Onlardan 60-ı iştirakçı olmadığı üçün
baş tutmayıb.
Nəticədə, həmin hərraclarda satışa çıxarılan əmlak satılmayıb. Bir
hərrac Batumi meriyası tərəfindən dayandırılıb və 2,5 ay sonra
dəyişdirilməyən şərtlərlə yenidən elan edilib. Həmin hərracda
“Pontus Gonio” MMC rəqabətsiz şəkildə qalib gəlib.
Qaliblərin müəyyən edildiyi 57 baş tutmuş hərracdan 52-si
rəqabətsiz keçirilib. Bu hərraclarda satışa çıxarılan daşınmaz
əmlak ilkin özəlləşdirmə qiymətindən cəmi bir hərrac addımı qədər
yüksək qiymətə satılıb.
TI-nin araşdırmasına görə, 57 hərracın nəticəsində ümumi sahəsi 8
954 kvadratmetr olan 57 torpaq sahəsi satılıb. Həmin torpaq
sahələrinin ilkin özəlləşdirmə qiyməti 10 192 110 lari olub.
Hərraclarda aparılan qiymət artımı nəticəsində bu məbləğ 484 286
lari yüksəlib və Batumi büdcəsinə ümumilikdə 10 676 396 lari daxil
olub.
Rəqabətli şəraitdə keçirilən hərraclarda əmlak özəlləşdirmə
qiymətindən bir yarım dəfə baha satılıb. Rəqabətsiz hərraclarda isə
qiymət artımı minimum səviyyədə olub.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” yazır ki, Acarıstan hökumətinin
sədri Zurab Pataradzenin dostu, iş adamı Ednar Papunaişvilinin
“Opus Signature” MMC-si (keçmiş “Opus Centre” MMC və “GTEM
Construction”) 2026-cı il aprelin 23-də rəqabətsiz hərraclarda
Batuminin mərkəzində, Aleksandre Qriboyedov küçəsi 62 və İvane
Cavaxişvili küçəsi 31 ünvanlarında yerləşən, sahəsi 238 və 863
kvadratmetr olan torpaq sahələrini alıb. Şirkət həmin əraziləri
müvafiq olaraq 367 950 və 1 333 550 lariyə əldə edib. Qiymət artımı
isə cəmi 10 750 və 38 850 lari təşkil edib.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” daha əvvəl də Ednar
Papunaişvilinin digər şirkəti olan “Xidi-2006” MMC barədə yazıb.
Şirkət 2025-ci il avqustun 25-də rəqabətsiz şəkildə Qoderdzi
kurortunda yerləşən 383 kvadratmetr torpaq sahəsinin satışa
çıxarıldığı şərtsiz elektron hərracda 136 300 lariyə qalib
gəlib.
Elektron hərraclarda qalib gələn səkkiz şirkətin direktorları,
paylarının hazırkı və keçmiş sahibləri hakim “Gürcü Arzusu –
Demokratik Gürcüstan” partiyasının iri ianəçiləri sırasındadırlar.
Onlar müxtəlif vaxtlarda partiyaya ümumilikdə 1 536 000 lari ianə
ediblər. Bu şirkətlərdən altısı hərraclarda rəqabətsiz şəkildə
qalib gəlib. Həmin şəxslər dəstəklədikləri prezidentliyə namizəd
Salome Zurabişvilinin xeyrinə 345 000 lari ianə ediblər.
TI-nin araşdırmasına görə, rəqabətsiz hərracda qalib gələn digər
şirkətlə – “Foris Development” MMC və “Foris Development 2” MMC ilə
işgüzar tərəfdaşlığı olan Beka Manvelidze “Gürcü Arzusu”na 65 000
lari ianə edib. Beka Manvelidze Acarıstanın maliyyə və iqtisadiyyat
üzrə qeyri-legitim nazir müavini Giorgi Manvelidzenin
qardaşıdır.
Giorgi Manvelidze 2020–2024-cü illərdə Acarıstan Ali Şurasının
“Gürcü Arzusu” fraksiyasına rəhbərlik edib. Giorgi və Beka
Manvelidzelərin atası Baqrat Manvelidze 2014–2017-ci illərdə Batumi
merinin müavini, daha sonra isə Acarıstanın təhsil, mədəniyyət və
idman nazirinin müavini olub. 2019-cu il mayın 30-da Baqrat
Manvelidze digər yüksək vəzifəli şəxslərlə birlikdə xidməti
mövqeyindən istifadə etməklə dövlətə məxsus külli miqdarda vəsaiti
qanunsuz mənimsəmək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək
faktı üzrə saxlanılıb.
TI-nin araşdırmasına görə, hərracda rəqabətsiz şəkildə qalib gələn
“Solid” MMC təsis edildiyi vaxtdan indiyədək dövlət
satınalmalarından ümumilikdə 3 861 398 lari gəlir əldə edib. Şirkət
bu məbləğin bir hissəsini – ümumi dəyəri 1 107 024 lari olan 82
elektron tenderdə rəqabətsiz şəkildə qalib gəlməklə qazanıb.
Təşkilatın diqqətə çatdırdığı digər məqam isə elektron hərraclarda
rəqabətsiz şəkildə qalib gələn şirkətlərdən birinin – “Connect
Property Georgia” MMC-nin qeydiyyat tarixidir. Şirkət 2025-ci il
yanvarın 24-də, hərrac elan olunmazdan cəmi 6 gün əvvəl təsis
edilib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.