İmamquliyevin fikrincə "Avropalı Gürcüstan" partiyasını pula görə tərk ediblər, VMH-ə keçmiş üzvlər isə "Mişanın vaxtının" qayıtmasını istəyirlər
“Mənim üçün təəssüfləndirici haldır ki, belə savadsız şəxs mənim yanımda olub və sevinirəm ki, iki il ərzində hansı partiyada olduğunu bilməyən belə savadsız şəxs bizim yanımızda deyil” – deyir “Avropalı Gürcüstanın” Marneuli ofisinin rəhbəri Əhməd İmamquliyev.

İmamquliyev bizimlə söhbəti zamanı guya “Milli Hərəkatdırlar” deyərək partiyanın öz üzvlərini aldatmasını inkar etdi. O, qeyd edir ki, müxtəlif partiyalar aktivistlərə pul təklif edirlər.

“Bilirəm ki, bu gün hakimiyyət və hakimiyyətin yanında olan şəxslər belə adamları pulla alırlar və ya pul vəd verirlər ki, bizim partiyadan, bizim partiya siyahımızdan adamları çıxarsınlar” – deyir İmamquliyev.

“Avropalı Gürcüstan”ın siyasi şurasının üzvü onu da xatırlayır ki, Niyazi Quliyev partiyanı 11 sentyabrda tərk edib. Həmin gün Marneuliyə “Avropalı Gürcüstanın” prezidentliyə namizədi gəlirdi.

“Həmin şəxsin özü deməyib ki, mən sizin partiyanın üzvü olmayacam, Bakradze gəldiyi zaman bizim üzvlərimiz zəng vuranda və deyəndə ki, Bakradze Marneuliyə gəlir və biz görüş keçiririk. Həmin vaxt o, gəlmədi və onda biz artıq başa düşdük ki, kim kimdir” – deyir Əhməd İmamquliyev.

İmamquliyevin sözlərinə görə, onda Niyazi Quliyevlə Avropalı Gürcüstanın üzvlərindən birinin səs qeydi var. Orada Quliyev deyir ki, kim çox pul versə onun yanında da duracaq və onun üçün vacib olan puldur. İmamquliyev bizə qeyd olunan səs qeydini verməkdən imtina etdi və səbəb olaraq bildirdi ki, onlar şəxslərlər deyil bugünkü hakimiyyətlə mübarizə aparırlar.

Niyazi Quliyev radio ilə söhbəti zamanı İmamquliyevin partiyanı pula görə tərk etməsi ittihamlarını inkar etdi.

“Puldan söhbət gedərdisə “Gürcü Arzusuna” keçərdim. Onlar yaxşı pul ödəyirlər. Pulla nə əlaqəsi var, puldan söhbət getmir. Sadəcə mən istəyirəm ki, Saakaşvili Gürcüstana gəlsin və yaxşı, keçmiş zamanlar qayıtsın” - deyir Niyazi Quliyev.

Quliyev xatırlayır ki, “Milli Hərəkat” dağılan zaman ona Avropalı Gürcüstanın ofisində deyiblər ki, partiyanın liderləri Davit Bakradze, Qiqi Uqulava və Qiqa Bokeria Mixail Saakaşvilinin komandasının üzvləri və “onun adamlarıdırlar”. Niyazi iki il ərzində buna heç şübhə etməyib. Quliyevin sözlərinə görə, Mixeil Saakaşvilinin 5 nömrənin “Milli Hərəkat” olduğunu qeyd etdiyi bəyanatından sonra bilib ki, onu aldadırlar.

Xatırladaq ki, 1 oktyabr tarixində “Vahid Milli Hərəkatın” ofisində brifinq keçirilib. Brifinqdə partiya üzvləri olan Daştəpə sakinləri bildiriblər ki, Avropalı Gürcüstan partiyasını tərk edirlər və Milli Hərəkata keçirlər. Partiyanı tərk edən üzvlər bəyanat veriblər ki, onları Avropalı Gürcüstanda aldadırlarmış. Bu günə kimi onlar elə bilirmiş Avropalı Gürcüstan və Milli Hərəkat eyni partiyadır.

"Marneuli" Radiosu
Print