Bu gün, 18 dekabr tarixində Rustavi şəhər məhkəməsində
Marneulinin keçmiş meri Temur Abazovun işi ilə bağlı şahidlərin
dindirilməsi tamamlandı.
Abazovun vəkili Qaqi Mosiaşvilinin “Marneuli” radisouna verdiyi
məlumata görə, bu gün Kvemo Kartli prokurorluğunun müstəntiqləri
dindirilib. Onlar istintaq prosesi zamanı əldə olunmuş dəlillər
barədə danışıblar.
Mosiaşvili deyir ki, bugünkü məhkəmə prosesi əvvəlkilərdən çox da
fərqlənmirdi. Belə ki, ittiham tərəfi yenə də Abazovun günahını
sübuta yetirəcək real dəlillər təqdim edə bilməyib və iş yalnız
maraqlı tərəfin ifadəsinə əsaslanır.
Prosesdə Marneulinin keçmiş meri Temur Abazov da iştirak edirdi. O,
proses başa çatdıqdan sonra mətbuat nümayəndələrinə açıqlama
verib.
“Mən elə başdan da deyirdim ki, günahsızam, qurbanam,
ilk növbədə mənim ailəm qurbandır. Hakimin düzgün qərar qəbul
edəcəyini və mənə bəraət verəcəyini gözləyirəm. Prosessual anlaşma
baş tutdu, girov tətbiq olundu. Görürsünüz ki, biz proseslərdə adi
qaydada iştirak edirik, məhkəmə prosesinə mane
olmuruq”, – məhkəmə iclası tamamlandıqdan sonra Temur
Abazov deyib.
Prokurorluq Temur Abazovu 13 iyun tarixində saxlamışdı, o, Elçin
Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarda
ittiham
olunur. Məhkəmə Temur Abazovu girov qarşılığında azadlığa
buraxıb.
“Marneuli” radiosu
Foto: tv4.ge