Normadan artıq
spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin
aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça
bilər.
ABŞ-ın Ratqer
Universitetinin alimləri belə bir nəticəyə
gəlib.
Araşdırmanın nəticələri "MedicalXpress" nəşrində
dərc olunub.
Mütəxəssislər davranışın
tənzimlənməsində iştirak edən PER2 və POMC genlərini tədqiq edib.
Birinci insan orqanizminin bioloji saatına cavab verir, ikincisi
stressə reaksiya formalaşdırır.
Tədqiqatda orta və normadan artıq
spirtli içki qəbul edənlər və içki düşkünləri iştirak edib. Alimlər
bu qruplar arasında PER2 və POMC genlərinin metilasiya (epigenetik
tənzimləmə prosesi) dərəcəsini müqayisə edib.
Metilasiya zamanı DNT-yə metil
qruplar qoşulur ki, bu da genlərin aktivlik səviyyəsini dəyişir.
Məlum olub ki, içki düşkünlərində genlərin fəaliyyətinə mənfi təsir
göstərən, onların zülal ifraz etmə sürətini aşağı salan yüksək
metilirasiya səviyyəsi müşahidə olunur.
Spirtli içki qəbulu dəyişikliklərə düz
mütənasibdir. Yəni insan nə qədər çox alkoqol qəbul edərsə,
genlərdəki dəyişikliklər o qədər güclü olacaq. Bundan başqa,
tədqiqatda stressli vəziyyətin təsvir olunduğu şəkillərə baxdıqdan
sonra içki düşkünlərində, orta səviyyədə spirt qəbul edən şəxslərlə
müqayisədə alkoqola daha güclü istək müşahidə olunub.
Mənbə: Milli.az