Bu gün Od çərşənbəsidir
Novruz baryarmı dörd əsas çərşənbəni özündə
birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Hər çərşənbə
axşamı tonqal qalanır, lakin bu çərşənbə günün özünə məxsus olan
xüsusiyyətləri digərlərindən tamamilə seçilir. Bu günü məhz od
çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik
özəlliyi vardır.
Od çərşənbəsi elimizin adət ənənələrinə görə “Üsgü çərşənbə” də
adlanır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır
və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə
təsadüf deyildir.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi
də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə
qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır. Od
çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas
dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik
dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta
kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı,
sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta
Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşhag da buna əyani
misaldır.
Deməli vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi heç
vaxt danılmazdır. Çünki neçə əsrlər bundan əvvəl insanların odu
tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılmışdır.
Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin
isti, bərəkətli keçməsinə nişanə idi. Dünyada istilik mənbəyi olan
günəş, od, alov həmişə insanlar tərəfindən sevilmiş və qorunumağa
çalışılmışdır.
Havaların isti keçməsi, günəşin çıxması insanlar tərəfindən
istənilir və buna aid bir çox nəğmələr, şerlər oxunulmağa
başlanılır. Həmçinin tonqal haqqında ümumi məlumatlara “Kitabi Dədə
Qorqud” kitabında da rast gəlmək mümkündür. Burada da tonqala olan
münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılmışdır.
Deməli hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuş və
digər bir çox ünsürlərdən seçilmişdir. Buna əsasən “Dədə Qorqud”
filmi çəkilmişdir, hətta həmin kinoda da tonqalın qalanması və
bizim xalqımız üçün onun hansı məna ifadə etdiyi çox gözəl şəkildə
göstərilmişdir. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə
gəlməsi və onun yandırıması ilə müəyyən işlərin bəyan edilməsi də
tamam seçilir.
Od çərşənbəsinə və oda aid olan bir çox atalar sözləri və məsəllər
də vardır. “Odu su ilə söndürmək olmaz”, “Od çərşəbəsində ocağı boş
qoymazlar” və s.
Qeyd edək ki, həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun
üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu
süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu
keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları
nəticəsində meydana gəlir.
Kənd yerlərində isə bütün kəndi od çərşənbəsinin olması ilə bağlı
agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər
dağlar olmasa hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması
daha məsləhət uyğun hesab olunurdu. İnsanlar isə öz qapılarında,
evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə
taxtadan məşəllər götürür, həmin böyük tonqalın yanına gedərək
oradan alov götürürdülər. Sonra həmin alovu öz tonqal qalayacaqları
yerə gətirib, alovu yandırırdılar.