Əvəliyin təzə-tər yarpaqlarını yeyən hər kəs onun
turşməzə tamını hiss edir. Lakin çiy yeyiləndə turş dadan əvəlik
bişiriləndə yeməklərə ləzzətli tam verir. Yerüstü hissələrindən,
cavan zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salat və
xörəklər hazırlanır.
Kulinariyada ondan şorba, ət və balıq xörəklərinin hazırlanmasında
istifadə olunur. May-iyun aylarında əvəlik çiçəkləməmiş onu yığıb
saç kimi hörür və qurudaraq qışa tədarük
edirlər.
Əvəlik xalq təbabətində öskürək, plevrit, bronxit, bronxial astma,
qaraciyər və öd kisəsi, dəri xəstəlikləri, anemiya, qıcıqlanmış
bağırsaq sindromu, ürəkbulanma və mədədə qıcqırma zamanı, eləcə də
qurdqovucu vasitə kimi geniş tətbiq olunur.
Əvəliyin təzə yarpaqları və zoğlarının şirəsindən qarqara kimi
istifadə edilməsi dişətinin iltihabını azaldır, qankəsici təsir
göstərir.
Yarpaqlarının yumşaldıcı və iltihab əleyhinə təsirlərinə görə bir
çox dəri xəstəliklərində, döyənəklərdə islatma və vanna şəklində
qəbul edilir.
Qankəsici və sidikqovucu xüsusiyyətlərə malikdir və buna görə düşük
təhlükəsi zamanı, həmçinin sistit, uretrit kimi xəstəliklərdə yaxşı
səmərə verir, həmçinin iştahagətirici kimi geniş tətbiq olunur.
Meyvələrinin dəmləməsi kolit və qastritin müalicəsində istifadə
edilir.