Bu gün Novruzun
üçüncü çərşənbəsi – Yel
çərşənbəsidir.
Yel
çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər
verir.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi
tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu
hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında
Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət,
mif,inanc, məsəl və s. yaranıb.
Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü
etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə
bağlıdır.
İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda,
dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər. Yeli
əsdirəni söyməzlər. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına
gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini
eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin
yerinə yetər.
Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.
Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya
verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir.
Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü
görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı
qumaş bağlanır.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov
bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən
hazırlanmış çərəzlər düzülür.