Azərbaycan Prezidentinin 26 mart 1998-ci il
tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilib
1918-ci il martın 31-də erməni silahlı
dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar
dəhşətli həddə çatıb. Şaumyanın (“Bakı Soveti”) tabeçiliyindəki
daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı
hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və
dağıntılar törədiblər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı
öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min
nəfər qətlə yetirilmişdi. Erməni dəstələri bir çox tikililərə,
«İsmailiyyə» binasına, Təzəpir məscidinə od vurmuşdular.
Kütləvi qırğınlar Qarabağın azərbaycanlı
kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada,
Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən
çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar —
ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi)
qətlə yetiriliblər.