Təkrar qızdırılmış yağ hüceyrə səviyyəsində
patoloji dəyişikliklərə səbəb olur ki, bu dəyişikliklər öz
növbəsində ağır süd vəzi xərçənginin inkişafına səbəb
olur.
Bu məlumatı
Medical News Today yayıb.
İllinoys Universiteti (ABŞ) alimləri təkrar
qızdırılmış yağla eksperiment aparıblar. 16 həftə ərzində alimlər
bir qrup siçanlara təzə soya yağını, digər qrup siçanlara isə bir
neçə dəfə qızdırılmış yağı verirdilər.
İnsan xərçənginin modelini almaq üçün siçanlara
süd vəzi xərçənginin hüceyrələri yeridilib. 20 gündən sonra məlum
olub ki, hər 2 qrupda xərçəngin inkişafı fərqlidir. Belə ki, bir
neçə dəfə qızdırılmış yağla qidalanan siçanlarda metastazların
yayılması daha aktiv gedirdi, ağ ciyərdə metastazların sayı 2 dəfə
çox idi.
Alimlərin fikrinə görə, təkrar qızdırılmış yağ öz
tərkibini dəyişir və onda güclü toksiki kanserogen akrolein əmələ
gəlir. Akrolein tək süd vəzi xərçənginin deyil, bir çox digər
xəsçəng növlərinin də riskini artırır.
Mütəxəssislər qidalanmada qızardılmış qidaların
miqdarını minimuma azaltmağı və yağı heç zaman təkrar qızdırmamağı
tövsiyə edirlər.