Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULU
Oruc tutarkən, təxminən, 16 saat ac və susuz qalmaq orqanizmin enerji depolarının boşalmasına, həmçinin iftardan imsaka qədər yanlış qidalanma gün ərzində insanın özünü daha halsız və yorğun hiss etməsinə səbəb olur.
Marneuli Radiosu daha oruc tutarkən enerjili hiss etmək və sağlam bir Ramazan ayı keçirmək üçün 7 tövsiyəni təqdim edir.

1. İmsakda mütləq yemək yeyilməlidir.

Orqanizmin gündəlik vəzifələrini icra edə bilməsi üçün lazımi enerjinin yalnız iftardan sonra bir neçə saat ərzində yığılması olduqca çətindir. İmsakda yemək yeyilməyəndə aclıq müddəti uzanır və gün ərzində halsızlıq, diqqətin pozulması kimi hallar yaşanır.

Uzun müddət toxluq hiss etmək üçün yumurta, süd və pendir kimi protein qaynaqları ilə yanaşı, tam buğda çörəyi və yulaf kimi enerji metabolizmində yer alan B qrupu vitaminləri və liflə zəngin, sağlam karbohidrat qaynaqlarından istifadə etmək də lazımdır. Çiy badam, qoz, fındıq kimi maqneziumla zəngin çərəzlərin yanında boşqabınızın çiy tərəvəz və göyərtilərlə zəngin olması önəmlidir. İmsakda meyvələrə də yer verilməlidir. Bu, C vitamini təmin etmək üçün lazımdır. Meyvə və tərəvəzlərin tərkibində yüksək miqdarda su olması gündəlik su ehtiyacının qarşılanmasını da təmin edir.

2. Kifayət qədər su içilməlidir.

İnsan bədəninin təxminən 60%-i sudan ibarətdir. Gün ərzində sadəcə 3% su itirmək belə fiziki performansın aşağı düşməsinə səbəb ola bilər. Orucu 1 fincan su ilə açmaq, şəkərsiz kompotlar içmək və şorbalar yeməklə gündəlik su ehtiyacını qarşılaya bilərsiniz. Çay və qəhvə kimi kofein tərkibli içkilər bədəndən suyun xaric olmasına səbəb olur. Əgər bunlardan istifadə etmək istəyirsinizsə, o zaman iftardan sonra 8-10 fincan su içməlisiniz.

3. Yeməkləri asta şəkildə yeyin.

Orucu 1 fincan su və 1 qab şorba ilə açdıqdan sonra 15 dəqiqə fasilə verin. Ard-arda və az çeynəyərək yeyilən yemək yuxu və yorğunluq hissi gətirə bilər. İftarla imsak arasında meyvə, qatıq və kefirdən ibarət 2 öyün müəyyən etmək gündəlik qida ehtiyacınızı sağlam şəkildə qəbul etməyə yarıdmçı olacaq.

4. Pəhriz tərkibli qidalanmağa diqqə edin.


Doymamış yağlar (zeytun yağı, badam, fındıq, qoz kimi), meyvə və tərəvəzlər, balıq, süd məhsulları qida rasionunuzdan əksik etməyin. Bu, vitamin, mineral, yağ və lif ehtiyaclarınızı qarşılamağa kifayət edəcək. Bundan başqa, mümkün qədər yağsız ətdən istifadə etmək enerjinin saxlanmasına kömək edəcək.

5. Yarımfabrikatlardan və şəkərdən uzaq durun.

Kolbasa, sosis kimi duz və yağla bol olan qidaları imsakda yemək gün ərzində susuzluğa səbəb olur. Bununla yanaşı, şəkər tərkibli məhsullar da qanda şəkərin miqdarını sürətli şəkildə qaldırıb endirə bilər. Anidən qanda şəkərin qalxıb enməsi diqqətin pozulmasına, yorğunluğa və yuxulamağa səbəb ola bilər.

6. Daha çox hərəkət etməyə çalışın.

Fiziki hərəkət zamanı yüksələn serotonin və endorfin hormonları pozitiv hisslər bəxş edir. Bu hormonlar gecə yaxşı yatmaq üçün də əhəmiyyətlidir. İftardan 1 saat sonra 45-50 dəqiqə templi şəkildə gəzmək həm həzm sistemini yaxşılaşdıracaq, həm də yaxşı yatmağınızı təmin edəcək.

7. Bağırsaqların sağlamlığına diqqət edin.

Ramazanın ilk günlərində qidalanma formasının dəyişməsi qəbzliyə səbəb ola bilər. Bu vəziyyət gün ərzində şişkinlik və narahatlıq yaradır. Qəbzliyin qarşısını almaq üçün bağırsaq mikroflorasının sağlam olması önəmlidir. Bağırsaqdakı faydalı bakteriyalar serotonin hormonunun ifrazına müsbət təsir göstərir. Bağırsaq mikroflorasını sağlam saxlamaq üçün kefirdən istifadəyə üstünlük vermək lazımdır.

Mənbə: Milli.az
Print