Meriya İmir təpəsində infrastrukturun yaradılmasının layihə-smeta sənədlərinə 101 695 lari xərcləyəcək
Marneuli bələdiyyəsinin İmir kəndində arxeoloji kompleksin yerləşdiyi təpədə infrastrukturun yaradılmasının layihə-smeta sənədinin hazırlanması üçün tender elan olunub.

Marneuli meriyası layihə-smeta sənədinin hazırlanmasına 101 695 lari xərcləyəcək.

Tenderin şərtlərinə görə, İmir təpəsində infrastrukturun yaradılması məqsədilə ərazi funksiyalarına görə zonalara ayrılacaq, Marneuli-Sadaxlı magistralından arxeoloji abidənin yerləşdiyi təpənin ətəklərinədək işıqlandırılmış, baryer və yaşıl bitkilər olan beton yol çəkiləcək, Marneuli-Sadaxlı magistralında təpəni göstərən məlumat baneri yerləşdiriləcək, arxeoloji abidənin üstü kərpic evlərin xüsusiyyətlərinə və müasir beynəlxalq təcrübəyə uyğun şəkildə örtüləcək və fiziki imkanları məhdud şəxslər üçün uyğunlaşdırılacaq.

“Marneulidəki Neolit dövrünə aid arxeoloji qazıntılara XX əsrin 60-cı illərindən başlanılıb (Şulaveri təpəsi, İmir təpəsi) və mərhələli şəkildə davam edirdi. Aparılmış bu qədər araşdırmanın nəticəsində dünya elmi dairələri tərəfindən də təsdiq olundu ki, insanlar üzüm tənəyini ilk dəfə Marneuli bələdiyyəsinin ərazisində becərib və şərab hazırlayıb”, – tender şərtlərində qeyd edilib.

Marneuli yerli özünüidarə orqanı tenderi 4 iyun tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 15-20 iyun tarixlərində öz təkliflərini təqdim edə bilərlər.

“Marneuli” radiosu
Print
თეგები: Marneulifm Marneuli