Marneulinin Uşaq
Bağçaları Birliyi bağçalarda qalmış yumurtaları aztəminatlı
ailələrə verməyəcək. Bağçalarda tez xarab olan ərzaqlardan yalnız
yumurta qalmışdı. Görünür plan dəyişib.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bu gün, 19 mart
tarixində “Marneuli” radiosuna bildirib ki, qalan yumurtalar çox
deyilmiş (təxminən 1000 ədəd) və qərar veriblər ki, şirkətə geri
qaytarsınlar. Yumurtaları təhsil prosesi bərpa olunan zaman
götürəcəklər, ona qədər isə 1000-ə yaxın yumurtanı bağça
əməkdaşları bölüblər və evdə müvəqqəti saxlayırlar.
Tez xarab olan məhsullardan əlavə Marneuli uşaq bağçaları ilə
bağlanmış müqavilə əsasında uşaq bağçalarına başqa çox sayda məhsul
gətirilirdi, ancaq Kərəmovun dediyinə görə, bu proses müvəqqəti
dayandırılıb.
“Bu tenderlərdə artıq qaliblər var idi və müqavilə də
bağlanmışdı. Məhsulların gətirilməsi bizim sifarişdən asılıdır,
hansı bağçaya neçə qram, neçə kiloqram aparılmalı olduğuna biz
qərar veririk. Biz sadəcə sifariş verməyəcəyik və heç kim ərzaq
gətirməyəcək. Bizim müqaviləmiz iyunun sonuna qədərdir, əgər həmin
dövrdə bağçalar açılsa, biz sifariş verəcəyik”, –
Zaur Kərəmov deyir.
Koronavirusun qarşısının alınması məqsədi ilə bağçalarda təhsil
prosesi müvəqqəti dayandırılıb. Tez xarab olan məhsullarla bağlı
uşaq bağçaları alternativ yollar axtarmağa başlayıb, məsələn,
Tbilisi meri Kaxa Kaladze deyib ki, təhsil prosesi bərpa olana
qədər valideynlər uşaqlar üçün gətirilmiş tez xarab olmayan
ərzaqları evə apara bilərlər.
Xatırladaq ki, Marneuli miqyasında 14 bağça fəaliyyət göstərir.
Koronavirusa görə Gürcüstan miqyasında bağçalarda təhsil
dayandırılıb.