Marneuli Uşaq Bağçaları Birliyi qalan yumurtları saxlamaq üçün əməkdaşlara verib
Marneulinin Uşaq Bağçaları Birliyi bağçalarda qalmış yumurtaları aztəminatlı ailələrə verməyəcək. Bağçalarda tez xarab olan ərzaqlardan yalnız yumurta qalmışdı. Görünür plan dəyişib. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bu gün, 19 mart tarixində “Marneuli” radiosuna bildirib ki, qalan yumurtalar çox deyilmiş (təxminən 1000 ədəd) və qərar veriblər ki, şirkətə geri qaytarsınlar. Yumurtaları təhsil prosesi bərpa olunan zaman götürəcəklər, ona qədər isə 1000-ə yaxın yumurtanı bağça əməkdaşları bölüblər və evdə müvəqqəti saxlayırlar.

Tez xarab olan məhsullardan əlavə Marneuli uşaq bağçaları ilə bağlanmış müqavilə əsasında uşaq bağçalarına başqa çox sayda məhsul gətirilirdi, ancaq Kərəmovun dediyinə görə, bu proses müvəqqəti dayandırılıb.

“Bu tenderlərdə artıq qaliblər var idi və müqavilə də bağlanmışdı. Məhsulların gətirilməsi bizim sifarişdən asılıdır, hansı bağçaya neçə qram, neçə kiloqram aparılmalı olduğuna biz qərar veririk. Biz sadəcə sifariş verməyəcəyik və heç kim ərzaq gətirməyəcək. Bizim müqaviləmiz iyunun sonuna qədərdir, əgər həmin dövrdə bağçalar açılsa, biz sifariş verəcəyik”, – Zaur Kərəmov deyir.

Koronavirusun qarşısının alınması məqsədi ilə bağçalarda təhsil prosesi müvəqqəti dayandırılıb. Tez xarab olan məhsullarla bağlı uşaq bağçaları alternativ yollar axtarmağa başlayıb, məsələn, Tbilisi meri Kaxa Kaladze deyib ki, təhsil prosesi bərpa olana qədər valideynlər uşaqlar üçün gətirilmiş tez xarab olmayan ərzaqları evə apara bilərlər.

Xatırladaq ki, Marneuli miqyasında 14 bağça fəaliyyət göstərir. Koronavirusa görə Gürcüstan miqyasında bağçalarda təhsil dayandırılıb.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19