Marneuli və Bolnisidə müvəqqəti olaraq bütün iqtisadi fəaliyyətlər dayandırılır – Natia Turnava
İqtisadiyyat naziri Natia Turnavanın bildirdiyinə görə, Marneuli və Bolnisidə müvəqqəti olaraq ərzaq və dərmanlar istisna olmaqla bütün iqtisadi fəaliyyətlər dayandırılır.

“Kritik infrastrukturlar – su, qaz, elektrik enerjisi, kənd təsərrüfatı ilə bağlı fəaliyyət göstərən müəssisələr, bəzi obyektlər işlərinə maneəsiz davam edəcəklər. Belə müəssisələrlə bağlı təfərrüatlar yayımlanacaq. Tibb və kommunikasiya sahəsində problem olmayacaq”, – Natia Turnava bildirib.

İqtisadiyyat nazirinin sözlərinə görə, qeyd olunan qəra Marneuli və Bolnisidə sərt karantin rejiminin elan olunması ilə bağlıdır. Turnavanın bildirdiyinə görə, İqtisadiyyat Nazirliyi Marneulidə fəaliyyətinə davam edəcək müəssisələrin siyahısının hazırlanması ilə bağlı tapşırıq verib.

Xatırladırıq ki, bu gün, 23 mart tarixindən Gürcüstanın hökuməti Marneuli və Bolnisi bələdiyyələrində sərt karantin rejiminin tətbiq olunması ilə bağlı qərar qəbul edib. Bu bələdiyyələrə giriş-çıxış dayandırılıb və vətəndaşların hərəkəti məhdudlaşdırılıb.

Marneuli və Bolnisi bələdiyyəsində müəyyən məhdudiyyətlər qoyulub:
  • “Bu gündən Marneuli və Bolnisi bələdiyyələrini giriş və çıxış məhdudlaşdırılır. Bütün obyektlər bağlanır.
  • Yalnız qida məhsulları, dərman və kritik infrastrukturla bağlı başqa obyektlər əlçatan olacaq. İctimai nəqliyyatın hərəkəti dayandırılır.
  • Bələdiyyələrin ərazisi daxilində hərəkət məhdudlaşdırılır, sakinlər yalnız qida məhsulları və ya dərman almaq, yaxud tibbi xidmət üçün hərəkət edə bilərlər.
  • Marneuli və Bolnisi sakinlərinə tibb işçiləri tərəfindən yazılmış protokola uyğun olaraq kənd təsərrüfatı işləri aparmağa icazə veriləcək.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19