Daştəpədə qalmış həkimlər qonşulara koronavirus haqqında məlumat verirlər
Binnət Məmmədov 21 mart tarixində Novruz bayramını qeyd etmək üçün ailəsinə gəlib. Binnət ixtisasca həkimdir və Tbilisinin xəstəxanalarından birində çalışır, paralel olaraq isə təhsil alır. Bir günlüyə Daştəpə kəndinə gəlib və geriyə qayıda bilməyib. Marneulidə elan olunan karantinin nə zaman başa çatacağını gözləyir və ona qədər öz ixtisası üzrə kənddə qonşulara yardım etməyə çalışır.

“Daştəpədə yaşam tərzi tam dəyişib, yeni reallığa düşmüşük. Küçələr boşalıb, bayıra yalnız vacib ehtiyaclar olan halda çıxırıq. Biz də qaydalara tabe olmalıyıq. Daim karantində olmayacağıq ki? İşdə də hamıya xəbərdarlıq etmişəm.”

Binnət Məmmədov kimi onun dostu Nemət də gözlənilmədən karantinə düşüb. O, da Novruz bayramını qeyd etmək üçün Binnətin evinə gəlibmiş. Nemət də həkimdir. O, Bolnisi bələdiyyəsində yaşayır.

“Bilirsiniz ki, Bolnisi də bağlıdır, evimə gedə bilmirəm. Dörd gündür ki, Daştəpədəyəm. Fövqəladə haldır, istəyirəm ki, hamı bayıra çıxmaqdan çəkinsin. Gigiyena qaydalarına əməl etsinlər, bu qaydalar hər şeydən vacibdir. Daştəpədə Binnətin həmkəndlilərinə də tövsiyələr verirəm, izah edirəm ki, Covid-19 təhlükəli virusdur və tez-tez əllər yuyulmalıdır. Ailə üzvlərim tez-tez zəng vururlar, istəyirlər ki, Bolnisiyə gedim, amma vəziyyəti başa salıram və deyirəm hələ gələ bilmərəm”.

Binnət və Nemət indi gözlənti rejimindədirlər və bağlanmış Marneuli və Bolnisinin nə zaman açılacağını gözləyirlər.

Marneulidə 22 mart tarixində orta yaşlı qadında koronovirus aşkarlanıb. O, Tbilisi Universitet Klinikasına yerləşdirilib.

Marneuli və Bolnisidə sərt karantin rejimi 23 mart tarixində tətbiq edilib. Hökumət bu qərarı Marneulili qadının yeni koronavirusa yoluxmasından sonra qəbul edib və onun yoluxma mənbəyi müəyyən edilməyib.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19