70 yaşdan yuxarı olan şəxslərə bayıra çıxmaq qadağan edildi
70 yaşdan yuxarı olan şəxslərə istisna hallardan başqa vaxtlarda bayıra çıxmaq qadağan edildi. Bu haqda bu gün, 30 mart tarixində Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumət administrasiyasında baş tutan brifinqdə bildirib və qeyd edib ki, 70 yaşdan yuxarı olan şəxslər yalnız evlərinin yaxınlığında yerləşən mağaza və tibb müəssisələrinə gedə bilərlər.

“70 yaşdan yuxarı olan vətəndaşlara yaxınlıqda yerləşən mağaza, aptek və tibb müəssisələrindən başqa yerlərə getmək qadağan olunur. Əgər 70 yaşdan yuxarı olan vətəndaş tək yaşayırsa, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi və yerli bələdiyyələrə onlara köməklik göstərmək öhdəliyi qoyulur”, – Baş nazir bildirib.

Qiorqi Qaxaria bildirib ki, fövqəladə vəziyyətlə bağlı rejim daha da sərtləşdirilir. Fövqəladə vəziyyət şərtləri daxilində eləcə də komendant saatı elan olunur. Vətəndaşlar axşam saat 9-dan səhər 6-ya kimi küçədə hərəkət edə bilməyəcəklər.

Gürcüstanda fövqəladə rejim 21 mart tarixindən elan olunub.

Gürcüstan hökuməti 23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələrində ciddi rejimli karantin elan edib. Bələdiyyələrə giriş və çıxış qadağandır.

30 mart tarixinə olan göstəricilərə görə Gürcüstanda koronavirusa yoluxanların sayı 100 nəfərdir. Hazırda koronavirusdan 18 nəfər sağalıb.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19