Yerli özünüidarə 30 mart tarixində meriya qarşısına toplaşan
əhaliyə yardım göstərməyəcək.
Bu haqda “Marneuli” radiosuna merin gənclərin işi üzrə müşaviri
Adil Əliyev məlumat verib.
“Oraya toplaşan adamların 90% müəyyən gəliri və imkanı
olanlar idi. Biz bunu onlara sübut etməyə hazırıq. Təəssüf ki,
mövcud vəziyyətdən istifadə edirlər. Eləcə də oraya toplaşanlar
arasında bizim artıq yardım göstərdiyimiz adamlar da var idi və
təkrar gəlmişdilər. Maksimum dərəcədə çalışırıq ki, səhvə yol
verməyək və insanlara bu vəziyyətdən istifadə etməyə imkan
yaratmayaq”, - Adil Əliyev deyir.
Müxalifət ərzaq verilən adamların siyahısının siyasi mənfəətlərə
görə tərtib olunduğunu iddia edir. “Avropalı Gürcüstanın” Marneuli
ofisinin rəhbəri deyir ki, hakimiyyət ehtiyacı olanlara yardım
etmir, özünə tərəfdar toplayır.
“Dünən meriya qarşısına toplaşan əhali yerli hakimiyyətin
niyətsizliyinə görə bayıra çıxmışdı. Onlara düzgün məlumat
verməyiblər ki, bu yardımı kimə paylayırlar. Mənim məlumatım var
ki, meriya nümayəndələri ehtiyacı olanlara deyil, öz tərəfdarlarına
ərzaq paylayırdılar. Bu insanlarla bağlı məlumatsızlıq və ehtiyac
problemi bir-birinə qarışıb”, – Əhməd İmamquliyev
deyir.
30 mart tarixində əhali ağır sosial şərtlərə qarşı etiraz edib və
yardım tələb edib. Marneuli meri müxalifəti yanlış məlumat yaymaqda
və karantin rejimi zamanı siyasi xal toplamaqda ittiham edib.
Marneuli meri fövqəladə brifinqdə əhaliyə yardım verilməsi üçün
dörd əsas meyarı qeyd edib.
Yerli özünüidarə hazırda sosial yardımı dayandırılmış, tək yaşayan
pensiyaçı, kənddə yaşayan və nəqliyyatla hərəkət etmək imkanı
olmayan, ailədə azyaşlı olan və işini karantin rejiminə görə tərk
etməli olanlara yardım edir.
Xixani kəndində əhali ağır iqtisadi şərtlər altında yaşayır və
onların bir qismi meyarları qane edir. Ancaq meriya kənddə yalnız
24 kömək edib. Bu günə qədər artıq heç kim meriyadan ərzaq səbəti
almayıb.
31 mart tarixinə olan məlumata görə, Marneuli meriyası 1500 ailəni
ərzaqla təmin edib. Özünüidarə orqanı əhaliyə ərzaq paylamağa davam
edir, ancaq ərzaq aparacaqları, yardım olunacaq ailələri hələ də
qeyd etmirlər.
“1400 ailəyə düyü, makaron, qarabaşaq, günəbaxan yağı
və çörək paylanıb. Qalan 100 ailəyə un, günəbaxan yağı, düyü, alma
və qatıq verilib. Bir hissəsi meriyanın aldığı ərzaqlar idi, bir
hissəsini isə başqa şirkətlər verib”, – merin
gənclərin işi üzrə müşaviri deyir.
Adil Əliyevin sözlərinə görə, çətin karantin şərtlərinin öhdəsindən
gələnə qədər vətəndaşlara yardım davam edəcək.
Meriyadan başqa, əhaliyə yardım etmək üçün çox sayda Marneulili və
yerli təşkilat öz istəyini bildirib.
Marneuli meriyası ehtiyat fondunun vəsaitindən istifadə etməklə
bağlı qərarı 26 mart tarixində qəbul edib və əhaliyə yardım etməyə
başlayıb. Meriya xərcləri karantin başa çatdıqdan sonra
ictimailəşdirəcək.
Gürcüstan hökuməti 23 mart tarixində Marneuli və Bolnisi
bələdiyyələrində sərt karantin elan edib. Bələdiyyələrə giriş və
çıxış qadağandır.