“Dünən baş tutan aksiya məni həqiqətən də
təəccübləndirir. Bu məhdudiyyətlərdən kim narazıdırsa, həmin
adamlar etiraz edərdilər və bunun arxasında kimsə durursa, müəyyən
olunacaq. Bir az zaman lazımdır”,
– Marneulinin majoritar deputatı Tamaz Naveriani 14 aprel tarixində
saat 21:00-da baş tutan etiraz aksiyasına belə münasibət bildirib
və indiki mərhələdə dünənki aksiyanın yaxşı təşkil
olunub-olunmaması ilə bağlı danışmaqda çətinlik çəkdiyini
deyib.
“Hamısı müəyyən olunacaq, niyə keçirilib, nə üçün
keçirilib, bu nə məsələ idi. Mən bildiyimə görə, bununla bağlı
artıq iki nəfər cərimələnib (fövqəladə vəziyyəti pozduğuna görə).
Yəqin karantini qəbul edə bilməyiblər. Bu bizim ölkə və Marneulinin
daha yaxşı vəziyyətdə olması, obyektlərin açılması üçün vacibdir.
Belə olarsa, iqtisadiyyat da inkişaf etdiriləcək, amma bu formada
olmamalıdır. Bu virusa qalib gəlməliyik, sonra əhalinin azadlığı,
obyektlərin açılışı olacaq və rahat nəfəs alacağıq. Bir müddət
hamımız dözməliyik, bu vacibdir.”
Əhalinin etiraz aksiyasını tələblərindən biri də aztəminatlı
ailələrə yetərli yardım göstərilməməsi idi. Tamaz Naveriani bu
tələbi tam əsassız hesab edir.
“Marneulidə iki dəfə, hətta on dəfə artıq yardım
paylanılıb. Bu proses yenə də davam edir. Mən də yaxınlarıma,
qohumlarıma və dostlarıma yardım etmək vasitəsilə prosesi davam
etdirməyi planlaşdırıram.”
“Marneuli” radiosu səhərdən etiraz aksiyası ilə bağlı Marneuli
merinin mövqeyini öyrənməyə cəhd edir, ancaq o, hələ də bizim
zənglərimizə cavab vermir.
Biz eləcə də Daxili İşlər Nazirliyindən dünən etiraz aksiyası
zamanı fövqəladə vəziyyəti pozan vətəndaşların həqiqətən də
cərimələnib-cərimələnmədiyini araşdırırıq.
“Siqnal ver, etiraz et”, – Marneulilərin etiraz
aksiyası dünən, 14 aprel tarixində komendant saatı zamanı başlayıb.
Evlərdən siqnal və fit səsləri eşidilirdi. Vətəndaşlar bu formada
karantin rejiminə etiraz ediblər. Aksiya təşkilatçılarının kimliyi
hələ ki məlum deyil. Sosial şəbəkədə etiraz aksiyasının “Facebook”
səhifəsi də yaradılıb.
Gürcüstan hökuməti 23 mart tarixində Marneuli və Bolnisi
bələdiyyələrində ciddi rejimli karantin elan etmişdi. Bu
bələdiyyələrin ərazisinə giriş-çıxış qadağan olunub. Şəhərin
girişlərində 12 keçid məntəqəsi yaradılıb. Ərzaq mağazaları və
apteklər istisna olmaqla bütün biznes obyektləri bağlanıb.