Marneulidə cəsədi tapılan Dmanisi sakininin qətli barədə kəndin icra nümayəndəsi danışdı
Dmanisinin İpnari (Kirov) kənd sakini C.Ə-nin cəsədi bu gün, 21 sentyabr tarixində Marneulidə, Algeti çayının sahilində tapılıb.

29 yaşlı gəncin ölümü ilə bağlı İpnari kəndinin icra nümayəndəsi Nəriman Süleymanov “Marneuli” radiosuna məlumat verdi. O, hazırda mərhumun ailə üzvləri ilə görüşdüyünü bildirdi.

Süleymanov C.Ə-nin Dmanisi-Qızılhacılı-Marneuli xətti üzrə mikroavtobus sürücüsü olduğunu bildirdi. Onun sözlərinə görə, mərhum 3 gün əvvəl anası ilə Marneuliyə yollanıb. Daha sonra isə anası ondan heç bir xəbər ala bilməyib.

“Anasının sözlərinə görə, oğluna ən son 1:33-də zəng çatıb. Daha sonra isə telefon bağlanıb və oğlu ilə bir də əlaqə saxlaya bilməyib.”

Anası və qohumları 3 gün C.Ə-ni axtarıblar. Lakin onu tapmaq mümkün olmayıb. Bu gün isə davam edən axtarış nəticəsində C.Ə-nin cansız bədəni Algeti çayının sahilindən tapılıb.

Nəriman Süleymanov mərhum şəxsin heç bir düşməninin olmadığını və ailədə anası və nənəsi ilə birlikdə yaşadıqlarını qeyd etdi. Süleymanov hazırda C.Ə-nin hansı səbəbdən qətlə yetirildiyinin məlum olmadığını söylədi.

“DİN”-dən verilən məlumata görə, C.Ə-nin ölüm faktı ilə bağlı 3 nəfər həbs edilib. Qətli törətməkdə ittiham olunan O.T. və O.Q.-nı 7 ildən 17 ilədək, hadisənin şahidi olmuş, ancaq polisə məlumat verməyən S.A.-nı isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

"Marneuli" Radiosu
Print