“Hamı birlikdə – “Gürcü Arzusu”-ndan başqa – “Avropalı Gürcüstan”-ın Tamarisidə seçkiqabağı kampaniyası
“Avropalı Gürcüstan”-ın Marneuli meri vəzifəsinə namizədi Əhməd İmamquliyev və Tamarisi-Tsereteli majoritar seçki dairəsindən deputatlığa namizəd Nini Bakradze Tamarisi kəndində seçkiqabağı kampaniya aparırlar.

Mer və majoritar deputatlığa namizədlər kənddə qapı-qapı gəzir və əhalini seçkiyə getməyə, onlara dəstək olmağa çağırırlar.

“Kim Gürcüstanın gələcəyini yaxşılığa doğru dəyişmək istəyirsə, hamısına uğurlar. Hamı birlikdə – “Gürcü Arzusu”-ndan başqa. Mən “Gürcü Arzusu”-na uğurlar arzulamıram. Çünki 9 il ərzində onlar uğurlu olmadılar. Onlar yalnız Rusiyaya xidmət göstərməkdə uğurludurlar. Ancaq Gürcüstan və Gürcüstan vətəndaşları üçün uğurlu heç nə etməyiblər”,
– Əhməd İmamquliyev “Facebook”-un canlı efirində bildirib.

“Avropalı Gürcüstan” partiyası seçkilərdə 2 nömrəsi ilə mübarizə aparacaq.

Qeyd edək ki, “Avropalı Gürcüstan”-ın Marneulidə mer vəzifəsinə namizədi Əhməd İmamquliyevdir. Onun siyasi karyerası 2014-cü ildə “Vahid Milli Hərəkatda” başlayıb. Həmin vaxt yerli özünüidarə seçkilərində partiyanın namizədi olub. İmamquliyev 2017-ci ildən “Avropalı Gürcüstan”-ın üzvüdür və bu günə qədər Marneuli rayon təşkilatının rəhbəridir.

Yerli özünüidarə seçkilərində Marneuli bələdiyyəsinin meri vəzifəsi uğrunda daha iki namizəd – “Gürcü Arzusundan” Kənan Ömərov və “Vahid Milli Hərəkatdan” Eldar Mustafayev mübarizə aparacaq.

"Marneuli" Radiosu
Print