Bu gün, 25 sentyabr tarixində Qardabani rayonunda "Qardabani Kick
Boxing Club" idman zalının açılışı baş tutub.
Açılış mərasimində Gürcüstan Parlamentinin deputatı Savalan
Mirzəyev, Kvemo Kartli Qubernatorunun müavini Qiorqi Şinciaşvili,
Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayədəsi Ramil Lətifov,
Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia,
Gürcüstan Azərbaycanlı İdmançılar Birliyinin sədri Tofiq Əkbərov və
birliyin üzvləri, eləcə də digər rəsmi şəxslər, idmançılar və
qonaqlar iştirak edirdilər.
Açılış mərasimində qırmızı lenti Gürcüstan Kikboksinq
Federasiyasının prezidenti Qoça Cavaxia və Qardabanili idmançı
Kəmalə Məmmədova kəsərək, qonaqlarla birlikdə idman zalında
yaradılan şəraitlə tanış oldular.
Tədbirdə çıxış edən qonaqlar bölgələrdə və eləcə də Qardabani
rayonunda bu cür idman mərkəzlərinin yaradılmasının önəmindən
danışdılar. Onlar qeyd etdilər ki, bu cür idman mərkəzlərinin
yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili olunmasına,
onların irimiqyaslı və ölkə əhəmiyyətli idman yarışlarında iştirak
etməsinə və ən önəmlisi isə sağlam şəraitdə böyüməsinə şərait
yaradacaq.
Daha sonra idman zalının açılmasında göstərdikləri xidmətlərinə
görə, Məkan Xəmmətov və Hacı Vəliyevə Gürcüstan Azərbaycanlı
İdmançılar Birliyi tərəfindən sertifikat təqdim olundu. Tədbir
iştirakçıları Məkan Xəmmətov və Hacı Vəliyevə tutduqları bu yolda
uğurlar arzu edərək, onlara öz təşəkkürlərini bildirilər.