Tbilisidəki “Qafqaz Evi”ndə “Mədəniyyət təqvimi” layihəsi
çərçivəsində növbəti müasir Azərbaycan filmi nümayiş etdirilib.
Tbilisili kinomanlara rejissor Asif Rüstəmovun 2014-cü ildə çəkdiyi
“Axınla aşağı” bədii filmi ingilis dilində subtitrlərlə təqdim
olunub.
Layihənin koordinatoru Marika Tkeşelaşvili bildirib ki, filmlərin
nümayişinin məqsədi gürcü tamaşaçıları Azərbaycandakı müasir kino
istehsalı, onun aktual mövzuları və estetik özəllikləri ilə tanış
etməkdir.
“Axınla aşağı” filmi avarçəkmə komandasının məşqçisi Əlinin
hekayəsindən bəhs edir. O, həyat yoldaşına xəyanət edir və
sevgilisi ilə yeni həyata başlamaq istəyir, lakin oğluna görə buna
tam cəsarət edə bilmir. Oğlu Ruslan avarçəkmə komandasının üzvüdür
və atası ilə münasibətləri gərgindir. O, atasının ümidlərini
doğrulda bilmir və buna görə töhmət alır. Bir önəmli yarışdan öncə
Əli oğlunu komandadan kənarlaşdırır. Bundan sonra Ruslanın izi
itir.
Seansdan sonra tamaşaçılar ekran əsəri ilə bağlı təəssüratlarını
bölüşüblər. Onlar filmi maraqlı və uğurlu adlandırıblar.
Kinosevərlər qeyd ediblər ki, film ciddi və ağır mövzuda olsa da,
tamaşaçını sona qədər baxmağa məcbur edir.
Qeyd edək ki, “Axınla aşağı” filmi Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri bir
sıra beynəlxalq mükafatlara layiq görülüb.
“Mədəniyyət təqvimi” layihəsi çərçivəsində bundan öncə Elvin
Adıgözəl və Rüfət Həsənovun “Buqələmun” filmi (2013)
göstərilib.