“Gürcü Arzusu” partiyasının aksiyasına Marneulililər də qoşulub.
“Yenə də böyüyəcəklər” heykəlinin yaxınlığına toplanmış partiya
tərəfdaşları artıq Tbilisiyə yola düşüblər. Ancaq hamının məqsədi
hakim partiyanın aksiyasında iştirak etmək deyil.
Aksiya iştirakçılarından biri “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, Tbilisiyə xaçapuri yeməyə gedir.
“Xaçapuri yeməyə gedirəm. Doğurdan, doğurdan xüsusilə
xaçapuri üçün gedirəm.
- Kim söz verib ki, xaçapuri olacaq?
- Heç kim, sadəcə gürcü xaçapurisi istəyirəm.
- Marneulidə gürcü xaçapurisi yoxdur?
- Tbilisininki yaxşıdır, ona görə gedirəm”.
“Hələ biz özümüz də bilmirik hara gedirik. Tbilisiyə gedirik,
yalnız bunu bilirəm”.
“Marneuli” radiosu ilə söhbəti zamanı Marneuli Bələdiyyə Məclisinin
sədri Amiran Qiorqadze bildirdi ki, “Gürcü Arzusu”nun partiya
fəalları Tbilisiyə toplaşır. Ancaq partiya üzvləri ilə yanaşı sadə
vətəndaşların da aksiyaya qoşulması ona xoşdur.
“Çox sevinirəm ki, partiya fəallarından başqa çox sayda
adam bu gün aksiyaya getmək istədiyini bildirdi. Aksiya bizim sülh,
stabillik və inkşaf istəməyimizlə bağlıdır. Zorakılığa və Milli
Hərəkata yox”.
Amiran Qiorqadzenin sözlərinə görə, “Gürcü Arzusu”nun keçirdiyi
aksiyanın iştirakçılarına pul ödənməsi yalandır və bu “Milli
Hərəkatın” uydurduğu məsələdir.
Aksiyaya Marneulidən minik avtomobilləri və mikroavtobuslar yola
düşüb. Bir neçə sərnişin “Marneuli” radiosu ilə əlaqə saxladı və
bildiridlər ki, şəhər və kəndlərdə ictimai nəqliyyat işləmir.
Marneuli “Ekspress Turist” MMC-nin direktoru Yuri Samxaradze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 1 və 2 nömrəli
marşrut üzrə hərəkət edən mikroavtobusların bir qismi “Gürcü
Arzusunun” aksiyasına əhalini aparmaq üçün gedib.
Aksiyaya qoşulmuş Qullar sakinlərindən biri bildirdi ki, hara
getdiyini bilmir, sadəcə kənddə gənclər deyib ki, onlarla birlikdə
getsin, o, da razılaşıb. Baxmayaraq ki, aksiya iştirakçılarının bir
qismi haraya getdiyini bilmir, digər qisminin aksiyanın məqsədləri
barədə tam məlumatı var idi.
“Gürcü Arzusu” partiyasının tərəfdaşlarıyıq. Qarışıqlıq
istəmirik. Biz istəyirik ki, normal yaşayaq. Biz Gürcüstanda normal
yaşamaq istəyirik. Sən istəmirsən, qardaşım? Kim müharibə istəyir,
7 noyabrda olanları yenə istəyirsiniz? 41-in tərəfdaşıyıq,
vəssalam”, – Binəli Həsənov bildirdi.
Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosuna bildirdi
ki, aksiyaya bələdiyyədən 2500-3000-ə yaxın adam qoşulacaq.