“Akelik”-in keçmiş işçiləri yenidən əməkhaqqılarının ödənilməsi tələbi ilə meriya binası qarşısına toplaşıblar

Marneulidə su təchizatı sisteminin tikintisində işlə təmin olunanlar yenidən əməkhaqqılarının ödənilməsi tələbi ilə meriya qarşısına toplaşıblar.



İşçilərdən biri Abaz Hüseynov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bir il yarımdır əməkhaqqının ödənilməsini gözləyirlər.

Altı ay ərzinə bir neçə dəfə meriyaya gəlmişik və əməkhaqqımızı tələb edirik. Mən yalnız öz əməyimin qarşılığını istəyirəm, başqa heç nə tələb etmirəm. Yerli özünüidarə aylardır bildirir ki, bu layihə ilə bağlı onlar heç nə edə bilməzlər. Aylardır vəd verirlər ki, əməkhaqqıları bu gün-sabah köçürüləcək, ancaq heç nə köçürülmür, – Abaz Hüseynov bildirdi.

Hüseynovun sözlərinə görə, Marneuli və Bolnisidə su təchizatı sistemlərinin qurulmasında işləyən təxminən 300 işçi əməkhaqqını ala bilmir.

Hazırda “Akelik”-in işçiləri meriya qarşısına toplaşıblar və özünüidarə nümayəndələrindən media qarşısında görüş tələb edirlər. Meriya əməkdaşlarla görüşməyə razıdır, ancaq bunun jurnalistlər qarşısında baş tutmasını istəmirlər. Əməkhaqqısız qalmış işçilər isə bundan imtina edirlər.

"Marneuli" Radiosu

 

Print