Meriya eyvanın uçması nəticəsində dünyasını dəyişənlərin ailələrinə 10 000 lari yardım göstərəcək
Maneuli meriyası Nərimanov küçəsində baş vermiş bədbəxt hadisə zamanı dünyasını dəyişənlərin ailələrinə maddi yardım göstərəcək. Bu barədə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Bələdiyyə Məclisinin 29 iyun tarixində baş tutmuş iclasında bildirib.

Deputatlar dünyasını dəyişənləri bir dəqiqəlik sükutla yad ediblər.

“Bir neçə gün əvvəl bizim bələdiyyədə çox pis hadisə baş verdi. Hadisə nəticəsində iki xanım həyatını itirdi. Hamımız bu məsələyə görə çox narahat olduq. Mən istəyirəm, onların ailələrinə, yaxınlarına Bələdiyyə Məclisi və meriya adından başsağlığı verim. Yerli özünüidarə və Bələdiyyə Məclisi ailələrin diqqətdən kənar qalmaması üçün prosesə qoşulub. Maddi yardım göstəriləcək. Bu birdəfəlik olmayacaq. Bizim ailə ilə əlaqəmiz olacaq və hər hansı məsələdə həmin ailələrə kömək etməyə hazırıq”.

Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yaşayış binasının eyvanlarının uçması nəticəsində dünyasını dəyişənlərin ailələrinə 10 000 lari veriləcək.

26 iyun tarixində Marneuli şəhərində yaşayış binasında iki eyvanın uçması nəticəsində iki nəfər dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb.

Bələdiyyə Məclisinin 29 iyun tarixində keçirilən iclasında ümumilikdə 3 məsələ müzakirə olunub və hər üç məsələ ilə bağlı müsbət qərar qəbul edilib. Bələdiyyə Məclisində “Vahid Milli Hərəkat”-ın üzvü Nərgiz Əliyeva və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze arasında mübahisə baş verib.

Əliyeva iclas başlayana qədər bildirib ki, 26 iyunda Marneulidə baş vermiş faciəyə görə deputatlar bir dəqiqəlik sükut elan etsinlər. Amiran Qiorqaze isə Əliyevaya cavab olaraq bildirib ki, o, hələ iclası açıq elan etməyib və bunu özü də etməyi planlaşdırır.

"Marneuli" Radiosu
Print