Nərimanov küçəsinin sakinləri binadakı təhlükə ilə əlaqədar olaraq merlə görüşüblər
Marneuli şəhərində, Nərimanov 1 ünvanında yerləşən binanın sakinləri meriya ərazisində etiraz aksiyası keçiriblər. Söhbət 26 iyun tarixində iki eyvanı uçmuş binanın sakinlərindən gedir. Həmin hadisə nəticəsində iki nəfər dünyasını dəyişmişdi. Yerli sakinlərin sözlərinə görə, bədbəxt hadisədən sonra onlar daim qorxu içində yaşayırlar. Onlar yerli hakimiyyətdən reaksiya göstərməyi tələb edirlər.

Hazırda Marneuli meri Kənan Ömərov sakinlərlə görüşür. Görüş mətbuat üçün qapalıdır.


"Marneuli" radiosu məsələ ilə bağlı işləməyə davam edir və material yenilənəcək.

Qeyd edək ki, 26 iyun tarixində Marneulidə baş vermiş bədbəxt hadisədən sonra meriyaya müraciətlərin sayı artıb. Vətəndaşlar yaşayış binalarına baxış keçirilməsini tələb edirlər. Marneuli merinin müavini Roin Dekanoidze 29 iyunda "Marneuli" radiosuna bildirmişdi ki, şəhərdə binalardan birində eyvanlar uçduqdan sonra vətəndaşlar özünüidarəyə binalara baxış keçirməsi üçün ərizə ilə müraciət edirlər. Dekanoidzenin sözlərinə görə, məsələni hərtərəfli şəkildə araşdıracaqlar, işə ixtisaslı ekspertlər və ya ekspert qrupu qoşulacaq. Bələdiyyənin bu araşdırmaya nə qədər vəsait ayıracağı hələ məlum deyil.

"Marneuli" Radiosu
Print