Rövşən İsgəndərov, Besik Qelenidze, Soso İnadze, Rima Otaraşvili,
İrma Zarkua, Qela Mumladze, Kamran Kiryakov, Qiorqi Mtvarelidze,
Aleksandre Urumovi, Kako Şubitidze, Həsən Həsənov, Şermadin
Boçoidze, Mamuka Xarşiladze – bu Marneulidə, 2 iyul tarixində
Avropa İttifaqı haqqında məlumat kampaniyasına maneçilik törədən
meriya və Bələdiyyə Məclisi əməkdaşlarının natamam siyahısıdır.
Xüsusilə, Marneuli meriyasının
əməkdaşı, “Qadın otağının” rəhbəri Rima Otaraşvili fəallıq
göstərib. O, öz hərəkətinə qeyri-iş saatı olması ilə bəraət
qazandırıb. Eləcə də meriyanın nümayəndəsi İrma Zarkua Marneulili
mülki fəal Samirə Bayramovaya xaçı təhqir etməsini
bağışlamayacağını deyib.
Eləcə də Alt-İnfonun Marneuli ofisinin katibi Nana Donadze aqressiv
tonu ilə seçilirdi. O, mülki fəalları Milli Hərəkatla
eyniləşdirib.
İştirakçılar arasında Parlamentin Marneuli və Qardabani seçki
dairəsindən majoritar deputatı Zaur Darğallının büro nümayəndələri
Nicat Yusubov və Aqil Əmircanov da var idi.
Marneulidə işləyən təşkilatlar və mülki fəallar yerli özünüidarə
nümayəndələrinin gəlişini və onların hərəkətini mənfi
dəyərləndirirlər. Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri
Rəşan Ziyadəliyev düşünür ki, baş verən hadisələr yerli özünüidarə
tərəfindən təxribat məqsədli fəaliyyəti aydın göstərdi.
"Mütəşəkkil qrup, daha dəqiq isə Gürcü Arzusunun fəalları, Marneuli
özünüidarəsinin əməkdaşları və Alt-infonun üzvlərinin təxribat
təşkil etməsini, kampaniyaya mane olmasını gördük. Biz Bələdiyyə
Məclisinin əməkdaşlarını, Zaur Darğallının qərargahının
nümayəndələrini, meriyanın "Qadın otağı"nın rəhbərini gördük. Eləcə
də Marneuli Bələdiyyə Məclisinin rəhbəri Amiran Qiorqadzeni gördük.
O, tapşırıq verirdi və bütün prosesi idarə edirdi. Bütün bunlar
bizə Alt-İnfonun Gürcü Arzusu, özünüidarə nümayəndələrinin
Marneulidə Alt-info ilə əməkdaşlıq etdiyini göstərdi. 2 iyulda
etdikləri dəqiq rus naratividir. Biz yenə də məqsədimizə nail
olacağıq və Marneulililər Avropanı seçirik", - Rəşan
Ziyadəliyev bildirir.
Marneulidə Mülki Məşğulluq Mərkəzinin nümayəndəsi Mariam Samxaradze
də Rəşan kimi düşünür. O, hesab edir ki, 2 iyulda baş vermiş hadisə
özünüidarə tərəfindən planlaşdırılmışdı. Bütün bunları isə onlarla
dövlət məmurunun səfərbərliyi ilə açıqlayır.
“Düşünmürəm ki, 50 nəfər dövlət məmuru öz istəyi ilə və plansız
şəkildə gələrdi. Orada Nəzarət Xidməti əməkdaşlarını, eləcə də
bələdiyyədəki qeyri-kommersiya təşkilatlarının əməkdaşlarını,
Bələdiyyə Məclisi üzvləri, ərazi vahidliklərində işləyən adamları
gördük. Düşünürəm, bunlar hamısı əvvəlcədən planlaşdırılmışdı.
Onların hərəkəti düzgün deyildi. Ümumiyyətlə, İrma Zarkuanı ilk
dəfə eşitdim, təəssüf ki, meriya əməkdaşlarını tanımırıq. Onun
vəzifəsi və nə iş gördüyü aydın deyil. Rima Otaraşvilidən çox onun
hərəkəti bizə təəccüblü idi. Bilirik ki, “Qadın otağı” beynəlxalq
təşkilatların layihələrindən birinin çərçivəsində yaradılıb. Bu
otağın funksiyası qadınların iştirakını artırmaqdır, ancaq necə
çirkin sima qazandı. Çox pisdir, əsasən partiya maraqlarına xidmət
göstərirlər. Seçkiqabağı kampaniya dövründə də belə
edirdilər”.
“Marneuli” radiosu hələ də 2 iyulda baş vermiş mübahisə ilə bağlı
bələdiyyə merinin fikrini öyrənməyə çalışır. İrma Zarkuanın
meriyada hansı vəzifədə işlədiyini aydınlaşdırmağa cəhd etdik.
Ancaq İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, məlumatı
rəsmi məktub yazdığımız halda verə bilərlər. Bunun üçün təxminən 10
gün gözləməli olacağıq.
2 iyul tarixində “Evə - Avropaya doğru” hərəkatı Marneuli bazarı
ərazisində əhali ilə görüşüb və bukletlər paylayıb. Fəal
vətəndaşlar yerli sakinlərə Avropa dəyərləri və Gürcüstanın Avropa
İttifaqına namizəd statusu qazanması üçün atmalı olduğu addımlar
barədə məlumat veriblər. Yerli özünüidarə nümayəndələri bu prosesdə
mülki fəallara mane olublar.