Meriyada klan yaradırlar – Marneuli meriyasında aparılan islahatları müxalifətçilər necə qiymətləndirirlər
Marneulili müxalifətçilər meriyada aparılan struktur dəyişikliklərinə münasibət bildirirlər və qeyd edirlər ki, meriyanın xidmət rəhbərlərinin dəyişdirilməsi qismən nepotizmlə əlaqədardır. “Marneuli” radiosuna bu gün, 5 sentyabr tarixində rəsmi şəkildə məlum olub ki, meriyanın bir neçə xidmət rəhbəri vəzifəsini tərk edib, onlar yeni vəzifə tutacaqlar. Marneuli meri struktur dəyişiklikləri ilə əlaqədar indiki mərhələdə şərh verməyib. Meriyanın rəsmi səhifələrində də məlumat paylaşılmayıb.

Vahid Milli Hərəkatın Marneuli Rayon təşkilatının rəhbəri Laşa Kveladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriyada aparılan islahatlar əhalidə böyük marağa səbəb olub. Kveladze Marneuli merini ictimai müraciət etməyə çağırıb.

“Hamıya məlum faktdır ki, Marneuli meriyasında nepotizm hökm sürür, eləcə də Dövlət Audit Xidmətinin hesabatında da var. Bu islahatlar daxili münaqişələrə görə də baş verə bilər. Məhz buna görə, Marneuli bələdiyyəsinn meri ictimai şəkildə açıqlama verməlidir. Struktur dəyişikliklər hansı səbəbdən baş verib, bir neçə xidmət rəhbəri hansı səbəblə azad edilib. Həmçinin, əhali üçün islahatlarla, büdcədən maliyyələşdirilmiş layihələrlə bağlı hansı planların olduğunu açıqlamalıdır. Qanunla götürülmüş öhdəlikləri təmin etsin və fəaliyyətini əhali üçün daha da ictimailəşdirsin”, – Laşa Kveladze bildirdi.

Avropalı Gürcüstanın Marneuli Rayon Təşkilatının rəhbəri Əhməd İmamquliyev bildirdi ki, meriyada struktur dəyişiklikləri deyil, klan yaratma prosesi aparılır.

“Mənin eşitdiyimə görə, Nəzarət Xidmətinin rəhbəri merin köməkçisi vəzifəsinə keçir. Maliyyə Xidmətinin rəhbəri merin köməkçisi olur və onların yerinə indi Amiran Qiorqadze, onun klanı yeni şəxslər təyin edəcəklər. Belə büdcəni daha asan və klan şəklində idarə edəcəklər, mənimsəyib, oğurlaya biləcəklər, hər şeyi buna görə edirlər. İstəyirlər daha etibarlı, onlara daha yaxın şəxsləri həmin yerlərə təyin etsinlər, rüşvətxorluqla Marneuli bələdiyyəsinin büdcəsini mənimsəsinlər. Mən inanmıram və hesab etmirəm ki, həmin azad olunan yerlərə həqiqi rəqabətlə seçilmiş şəxsləri təyin etsinlər. Bir qayda olaraq, hamının bu rəqabətdə iştirak etmək və vəzifə tutmaq hüququ var. Amma mən bilirəm və əminəm ki, bu belə olmayacaq”.

Avropalı Gürcüstanın Marneuli Rayon Təşkilatının rəhbərinin sözlərinə görə, hazırda meriyada aparılan islahatlar nəticəsində Marneuli bələdiyyəsində siyasi həyat pisliyə doğru dəyişəcək.

Vəzifəsini dəyişməsi ilə bağlı məlumatı “Marneuli” radiosuna iki xidmətin – Maliyyə-Büdcə Xidməti və Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri təsdiq edib. Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov merin köməkçisi, Sosial Təminat Xidmətinin rəhbəri Qiorqi Meurmişvili isə Hərbi Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri olub.

"Marneuli" Radiosu
Print