Xınadan naxışlar – Marneulidə öz kiçik biznesini yaradan Ayşə Məmmədova
Marneulili 25 yaşlı Ayşə Məmmədova evlənməyə hazırlaşan gənc qızların əllərinə xınadan naxış vurmaqla məşğuldur.

O, Marneulidə xına naxışlarının incəliklərini bilən yeganə naxışcı olduğunu deyir. Ayşə artıq 6 ildir ki, bu işlə məşğuldur. Onun sözlərinə görə, xınadan naxışlar vurmağı Bakıda yaşayan qohumundan öyrənib. Daha sonra isə Marneulidə bu peşə ilə heç kəsin məşğul olmadığını görüb və ilk günlərdən sadəcə məşğuliyyət və əyləncə üçün toya hazırlaşan gəlinlərə xına naxışları çəkməyə başlayıb.

"Əvvəlcə bu işə hobbi kimi başlamışdım. Sonra insanlar tərəfindən sevildiyini gördüm. Bu işi bu qədər sevdirə bildiyim üçün çox xoşbəxtəm. Amma, əlbəttə, çətinlikləri çoxdur. Çox diqqət tələb edir. Sonra simmetriya, göz, hamısı bir yerdə çox asan görünsə də, doğurdan da məsuliyyətli işdir. Ən əsası da xanımlarımızın ən xoş günündə bir iz qoya bilmək çox sevindirici hissdir".




Ayşə Məmmədova hobbi kimi başladığı işin bu gün onun həyatını çox dəyişdiyini və onun kiçik biznesinə çevrildiyini deyir. O, bu gün öz ehtiyaclarını qarşılamağa və öz ayaqları üstündə durmağa nail ola bilib.

"Öz ayaqlarımın üstündə 3-cü kursdan bu yana dururam. Tam tərsinə, ailəmə də dəstək oluram. Bu isə çox gözəl hissdir".

Məmmədova deyir ki, bəzən kaprizli və hər şeyi bəyənməyən gəlinləri də olur. Lakin o, gördüyü işi diqqət və həvəslə həyata keçirir. İşə başladığı ilk günlərin çətinliklərindən danışan gənc naxışcı deyir ki, gəlinlərin ona göndərdiyi naxışları ilk olaraq öz əlinə çəkirmiş. O, xınanın naxışından asılı olaraq vaxtın dəyişdiyini və bir naxışın çəkilməsi üçün maksimum 30 dəqiqə vaxt lazım olduğunu deyir.

"Heç vaxt özüm istəməsəm, xınanı silib yenidən çəkməmişəm. Gəlindən çox əl işimi özüm bəyənməliyəm. İlk işləri hər zaman öz üzərimdə sınayıram. Öz əlimə naxış çəkərək yeni naxışlar öyrənmişəm. Beləliklə daha da gözəl naxışlar çəkməyə nail olmuşam. İlk özümdə yoxlayıb, sonra gəlinlərə çəkmişəm. İndi isə çox asan şəkildə, sadəcə həmin gün seçimlərinə baxır və eynisini, hətta daha gözəlini yaradıram. Artıq əlim alışıb deyə işimi də tez bitirirəm".

Gənc naxışcı deyir ki, çəkdiyi hər naxışın öz mənası var. O, daha çox qarışıq tərzə üstünlük verdiyini və xına çəkməkdə 3-4 üslub olduğunu deyir. Buna görə də, naxışlar fərqli ola bilər.

"Afrika üslubunda daha çox düz xətlərdən istifadə olunur. Ərəb üslubunda isə daha çox sıx gül naxışları var. Adi hind üslubunda da naxış çox dolu olur və fərqli yarpaq, gül, ot naxışlarından istifadə olunur. Amma hamısını bir yerdə qatıb yeni bir tərz yaratmaq olar. Mehendi sənətini öyrənmək üçün xüsusi qabiliyyət vacib deyil. İstək və səbr sayəində bu sənəti sıfırdan öyrənmək mümkündür".

Xinalarla bağlı da məlumat verən Ayşə deyir ki, əvvəllər yalnız təbii xına ilə işləyirmiş. Hazırda isə gəlinlərin əsas tələbi ağ xına olduğu üçün o, ağ xınadan da istifadə edir. Lakin ağ xına mövcud olmadığı üçün o, müxtəlif boyaları qarışdıraraq ağ xına hazırlayır və həmin xınadan naxışlar vurur.

"Ağ xına zərif olduğu üçün gəlinliyə çox yaraşır. Buna görə də ağ xına daha çox seçilir. Sadə olduğu kimi göstəriş sevən qızlara zərli xınalar da istifadə edirəm. Təbiətimizdə ağ xına olmadığı üçün özüm hazırlayıram. Özüm hazırladığım qarışım ilə bodyartla eyni deyə biləcəyimiz boyanın köməyi ilə ağ xına əldə edirəm".

Ayşə gəlinləri əvvəllər yaşadığı evdə qəbul edirmiş, ancaq gəlinlərin saç və makiaj hazırlıqlarını nəzərə alaraq Marneulidə yerləşən bir neçə salonlarla əməkdaşlıq etməyə başlayıb.

O, xına naxışları çəkməklə yanaşı Marneulidə yerləşən banklardan birində də işləyir. Buna görə də o, bəzən vaxt darlığına görə müraciət edən müştərilərini geri çevirməli olur. O, gəlinlərin bir neçə gün əvvəldən gün təyin etmələrini istəyir. Ayşənin sözlərinə görə, Marneulidə xına naxışlarına maraq artıb. İnsanlar öyrənmək üçün ona müraciət də edirlər. Lakin vaxt olmadığına görə, Məmmədova həmin müştərilərin istəklərini həyata keçirə bilmir. O, gələcəkdə gördüyü işi daha da böyütmək və yalnız Marneulidə deyil, bütün Gürcüstanda, dünyada çox sevilən "Henna Art" adını yüksəldərək tanıdacağını deyir.

"Çətinlik ondadır ki, zamanla uyğunlaşmağa çalışıram. Eyni zamanda bankda çalışdığım üçün gəlinlər əvvəlcədən yazılmasalar, qəbul edə bilmirəm. Gələcəkdə xına naxışlarını öyrətmək üçün kurslar açmağı düşünürəm".

Məlumat üçün bildirək ki, qədim Şərq incəsənətində bədənə xına ilə naxış çəkilməsi "Mehendi" adlanır. İlk dəfə mehendi Misirdə yaransa da, bu gün daha çox Hindistanda məşhurdur. O cümlədən mehendi bir çox ərəb dövlətlərində, Pakistanda, Malaziyada, İndoneziyada, Şimali Afrikada gözəllik simvolu sayılır. Bu gün bir çox hind qadınları hesab edirlər ki, mehendi xoşbəxtlik gətirir və bir çox uğursuzluqlardan qoruyur.

"Marneuli" Radiosu
Print