Marneuli meriyası qeyri-gürcüdilli məktəblərin gürcü dili
müəllimlərinin gediş haqqının ödənilməsi üçün eyni sənədləri təkrar
təqdim etməyi tələb edir.
Söhbət yerli özünüidarənin hər ay gediş haqqını 50 lari dəyərində
maliyyələşdirdiyi gürcü dili ikinci dil kimi fənn proqramına
qoşulmuş müəllimlərdən gedir. Gizliliyi qorumaq şərti ilə müsahibə
yazdığımız müəllimlər bildirdilər ki, onlar üçün neçə aydan bir
sənədləri yenidən təqdim etmələrinin
səbəbi aydın deyil. Həmin
sənədlərə faktiki olaraq meriyanın verdiyi pulu xərcləyirlər.
“Sənədləri mayda vermişik (yaşayış yerindən arayış,
bank rekvizitləri və s.). Sentyabrda məktub gəldi ki, direktor
başqa şəhərlərdən məktəbə nəqliyyatla gələn şəxslərin məlumatını
göndərməli idi. Sonra müəyyən etdik ki, yalnız bu lazım deyilmiş və
bir neçə ay əvvəl təhvil verdiyimiz sənədləri yenidən təqdim
etməliyik. Öyrənəndə artıq gec idi. Faktiki olaraq vaxt bitmişdi və
təcili surətdə bunu etməyə başladıq. Bunun üçün zaman, maliyyə
lazımdır və bir az da aydın deyil, niyə direktorun təqdim etdiyi
siyahı etibarsızlıq yaratsın və hər üç-dörd aydan bir pul
xərcləməli olaq”.
“Sənədlərin bir qisminə pul ödədik, növbədə durduq, vaxt və pul
sərf etdik. İndi yenə tələb edirlər. Bu məsələ nə isə normal
görünmür, yazda bilmirdilər ki, sentyabrdan yeni tədris ili
başlayacaq və audit yeni sənədlər tələb edəcək?”
“Bir neçə gün əvvəl, ötən həftənin sonu məktəbə məktub gəldi ki,
həmin sənədləri yenidən toplamalıyıq. May ayının sonunda Marneuli
meriyasına vermişdik ki, gediş haqqını qarşılasınlar. Ən çətini
məlumat kartını almaqdır. Vaxt lazımdır, Ədliyyə Evində növbəyə
durmalısan və eləcə də sürətləndirilmiş qaydada aldığımız halda pul
da ödəməli oluruq. Həqiqətən də vaxtım yoxdur, məktəbdən qayıdanda
artıq elə vaxt olur ki, heç bir qurum işləmir. Ona görə ala
bilmirəm”, – Marneulidə işləyən müəllimlər
deyirlər.
Marneuli meriyasından qeyd olunan məsələ ilə bağlı olaraq
bildirirlər ki, müəllimlər ildə bir dəfə yerli özünüidarədə
sənədləri yeniləməli olacaqlar. Həmin sənədlərin may ayında təqdim
olunmasını isə Bələdiyyə Məclisinin yeni sərəncamı ilə
açıqlayırlar.
“İlin başlaması ilə əlaqədar yeni sənədləri qəbul
edirik. Mayda sənədləri təqdim edən zaman onların may və iyun ayına
olan gediş haqları qarşılandı. Bələdiyyə Məclisinin sərəncamına
görə, 10 ay ərzində gediş haqqı ödənəcək. Yeni illə əlaqədar
sənədləri də yenidən təqdim etməlidirlər ki, sentyabrdan 10 aylıq
nəqliyyat xərclərinin ödənilməsinə başlanılsın”, –
Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər.
Qeyd edək ki, Marneuli Bələdiyyə Məclisi 140 müəllimin gediş
haqqının ödənilməsi məsələsini 2022-ci ilin 18 aprelində təsdiq
edib. Hər müəllimin gediş haqqı olaraq meriya illik 500 lari
maliyyələşdirir. 140 müəllimə isə 10 ay ərzində büdcədən 7 000 lari
ayrılır.