Xanım Ceyranovanın iki övladına dövlət ümumilikdə 100 000 lari
təzminat ödəməlidir.
Bu barədə məlumatı “Sapari” təşkilatı yayıb. Qurumun vəkili Nino
Andriaşvili məhkəmədə Xanım Ceyranovanın övladlarının maraqlarını
müdafiə edib. O izah edib ki, Xanım Ceyranovanın övladları gənc
yaşlarında şahidi olduqları mənəvi sarsıntılara görə təzminat
alıblar.
Söhbət 2014-cü il sentyabrın 16-da Saqareco bələdiyyəsinin Ləmbəli
kəndində baş verənlərdən gedir -
30 yaşlı Xanım Ceyranova kişilər
tərəfindən kənddə gəzdirilərək, kənd camaatının, qohumlarının və
övladlarının gözü qarşısında döyülmüş, şifahi təhqir olunmuşdu.
Hadisədən 2 gün sonra Xanım Ceyranova ölü tapılıb. Prokurorluğun
versiyasına görə, o, özünü öldürüb.
“Sapari” Birləşmiş Millətlər Təşkilatının Qadınlar üzrə Komitəsinin
(CEDAW) qərarından sonra təzminat məsələsi ilə bağlı Tbilisi Şəhər
Məhkəməsinin inzibati işlər üzrə kollegiyasına müraciət edib.
BMT-nin Qadın Hüquqları Komitəsi müəyyən edib ki, Gürcüstan azyaşlı
uşaqlarının gözü qarşısında ailə üzvləri tərəfindən vəhşicəsinə
döyülərək ölümünə səbəb olan Xanım Ceyranovaya qarşı gender və
namus əsaslı zorakılıq hallarının araşdırılmasını və mühakimə
olunmasını təmin etməyib.
Komitə Gürcüstanı Ceyranovanın ölümü ilə bağlı iş üzrə operativ,
hərtərəfli və müstəqil araşdırma aparmağa və günahkarları
cəzalandırmağa çağırıb.
Komitə Gürcüstandan adekvat kompensasiyanın ödənilməsi də daxil
olmaqla, müvafiq təzminatların təmin edilməsini, habelə Xanım
Ceyranovanın övladlarından rəsmi üzr istəməsini tələb edib.
Nino Andriaşvilinin sözlərinə görə, cavabdeh qismində çıxış edən
Maliyyə Nazirliyi təzminat ödəməkdən yayınmağa çalışıb.
Vəkilin sözlərinə görə, CEDAW-ın qərarından sonra kompensasiyanın
ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi ümumiyyətlə gündəmdə
olmayıb və hakim yalnız pulun məbləği ilə bağlı qərar verməli idi.
Vəkil izah edib ki, belə hallarda qərar şifahi dinləmə olmadan
çıxarılır, lakin bu işdə hakimin tərəflərin mövqeyini dinlədiyi
iclas təyin edilib. Nəhayət, “Sapari”nin tələb etdiyi məbləğ – hər
uşaq üçün 100 000 lari əvəzinə məhkəmə hər uşaq üçün 50 000 lari
müəyyən edib.
Eyni zamanda, cinayət qanunvericiliyi istiqamətində də araşdırmalar
davam etdirilirdi və bu araşdırma çərçivəsində hadisədən 8 il sonra
5 nəfər həbs olundu. Onlar Xanım Ceyranovanın ləyaqət və şərəfini
aldatmaqda, gender ayrı-seçkiliyi zəminində onu qanunsuz olaraq
azadlığından məhrum etməkdə ittiham olunublar.