Litvanın Vilkavişki şəhərinin meri və Litvanın Gürcüstandakı
səfirinin müavini 17 oktyabr tarixində Marneuliyə səfər ediblər.
Marneuli bələdiyyəsinin meri Kənan Ömərov "Marneuli" radiosu ilə
söhbəti zamanı bildirdi ki, Vilkavişki meri Marneuliyə onun dəvəti
ilə gəlib.
"Qonaqlarımız rəsmi səfərlə gəliblər. Rəsmi görüşdə biz
bələdiyyələrimiz arasında dostluq məsələləri və gələcək əlaqələr
barədə danışdıq", – Kənan Ömərov bildirdi.
Marneuli merinin sözlərinə görə, Marneuli və Vilkavişki
bələdiyyələri arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə ola
bilər. Bununla əlaqədar gələcəkdə də işgüzar görüşlər həyata
keçiriləcək.
Vilkavşiski bələdiyyəsinin meri Alqirdas Neiberka "Marneuli"
radiosu ilə söhbəti zamanı bildirdi ki, Vilkavişki və Marneuli
bələdiyyələri bir-birinə çox bənzəyir. Bu gələcək əməkdaşlığı da
asanlaşdıracaq.
"Vilkavişki bələdiyyəsində 10 000 nəfər yaşayır.
Marneulidə isə 20 000. Hər iki bələdiyyə kənd təsərrüfatı ilə
fərqlənir və əhali də fermerliklə məşğuldur. Vilkavişki də Marneuli
kimi iki ölkə ilə sərhəddir. Marneulinin qonşuları Ermənistan və
Azərbaycandır. Vilkavişkinin qonşuları isə Rusiya və Polşadır.
Sizin rayon da, bizim rayon da əyalətdir və düşünürəm ki, ortaq çox
şeyimiz var", – Alqirdas Neiberka bildirdi.
Vilkavişki
merinin sözlərinə görə, bu gün baş tutan görüşdə
Marneuli bələdiyyəsinin yerli özünüidarə nümayəndələri ilə gələcək
planlar barədə danışıblar. Mədəniyyət və idman istiqamətində
əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə ediblər.
Marneuli və Vilkavişki yerli özünüidarə nümayəndələri arasında bu
gün, 17 oktyabr tarixində ilk dəfə görüş baş tutub. Marneuli
merinin sözlərinə görə, iki ölkə bələdiyyələri arasında əməkdaşlıq
gələcəkdə də davam etdiriləcək və müxtəlif layihələr həyata
keçiriləcək.
Qeyd edək ki, Litvanın Vilkavişki şəhər merinin rəsmi səfəri barədə
məlumat "Marneuli" radiosuna şəhərdə Litva bayrağının asılması ilə
məlum olub.