Rəşad Orucov Almaniyada keçirilən Yunan-Roma güləşi turnirində qələbə qazanıb (VİDEO)
22 oktyabr tarixində Gürcüstan milli yığmasının üzvü, əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov Almaniyanın Nieder-Liebersbach şəhərində keçirilən “Regionalliga Baden-Württemberg” liqasında iştirak edib. Almaniya klubunu təmsil edən Orucov yarışın ilk görüşünü cəmi 57 saniyəyə başa vuraraq, qələbə qazanıb. İdmançının məşqçisi Təbriz Bağmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, artıq onun tələbəsi 9 yarış üçün müqavilə imzalayıb.

“Rəşad Orucov bu qələbəsiylə pul mükafatı əldə etdi və daha 9 görüşlük müqavilə imzaladı. Belə böyük yarışda qələbə əldə etmək çox çətindir. Amma biz Rəşadın bunun öhdəsindən gələcəyinə inanırdıq. Onu da əlavə edim ki, Rəşad Orucov Yunan-Roma güləşi üzrə Gürcüstan milli yığma komandasının üzvüdür”, – Təbriz Bağmanov dedi.

Qeyd edək ki, Rəşad Orucov iyun ayında Almaniyanın “SVG Nieder-Liebersbach” klubu ilə müqavilə imzalayıb. O, oktyabr ayından etibarən 3 ay ərzində Yunan-Roma güləşi üzrə Almaniya klubunu təmsil edəcək.

Rəşad Orucov bu ilin yanvar ayında Rustavi şəhərində keçirilən 23 yaşlılar arasında Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanmışdı. O, bununla da Gürcüstan yığma komandasının tərkibinə düşmüşdür. Rəşad Orucov bu günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr qazanıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google