30 oktyabr tarixində Tbilisidə “Savate” üzrə beynəlxalq turnir
keçirilib. Tbilisi meriyasının təşkil etdiyi turnirdə Marneulili
idmançılar da iştirak ediblər.
“Sayokan” federasiyasının prezidenti Faiq Məmmədovun sözlərinə
görə, onun rəhbərlik etdiyi “Qızıl canavar” karate idman klubundan
beş idmançı yarışda iştirak edib.
“Tbilisidə keçirilən yarışa 5 idmançı ilə qatılmışdıq.
Onlardan ikisi peşəkar yarışda, üçü isə həvəskar yarışda iştirak
edirdi. Peşəkar yarışda idmançılar 4 kəmər uğrunda mübarizə
aparırdı. Həmin kəmərlərdən birini mənim idmançım qazandı. 55 kq
çəki dərəcəsində Altun Əsgərov kəmər sahib olaraq, birinci yerə
çıxdı. 70 kq çəki dərəcəsində peşəkar yarışda mübarizə aparan
Məhəmməd Əhmədov isə finalda uduzaraq ikinci yeri qazandı. Həvəskar
yarışda iştirak edən idmançılarım Nicat Əlizadə birinci yerə
çıxaraq, kubok və medalı götürdü. Amil Pirverdiyev və Kənan Musayev
isə ikinci yeri qazandılar”, – Faiq Məmmədov
dedi.
Turnirdə Marneuli ilə yanaşı Qardabani, Bolnisi, Saqareco, Tbilisi
və Gürcüstanın digər bölgələrindən də idmançılar iştirak edirdilər.
Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısı
peşəkar yarışda uğurla çıxış edərək, kəmərə sahib olub. Klubun
məşqçisi İsfahan Əliyevin dediyinə görə, onun idmançıları həmin
yarışa çox yaxşı hazırlaşıblar.
“Mənim idman klubumdan yarışda 4 idmançı iştirak
edirdi. Peşəkar yarışda iştirak edən, 60 kq çəki dərəcəsində
döyüşən Eltun Məmmədov kəmərə sahib oldu və birinci yerə çıxdı.
Həvəskar yarışa qatılan üç idmançım – Fətullah Xəlilov, Aftandil
Mehdiyev və Paşa Bayramov isə birinci yerə çıxaraq, medal və kubok
qazandılar”, – İsfahan Əliyev dedi.
Peşəkar yarışda birinci yerə çıxan idmançılara 200 lari, ikinci
yeri qazanan idmançılara isə 100 lari pul mükafatı verilib. Həmin
yarışda Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət
göstərən “İnam kikboks klubu”nun idmançıları da iştirak ediblər.
Həmin idman klubun idmançıları həvəskar yarışda döyüşüblər.
“Biz bu yarışa iki idmançı ilə qatılmışdıq.
İdmançılarım həvəskar yarışda iştirak edirdilər. Onlardan 25 kq
çəki dərəcəsində Nihat Babayev birinci yerə çıxdı. 53 kq çəki
dərəcəsində döyüşən Rüfət Məmmədov isə finalda məğlub olaraq ikinci
yeri qazandı”, – Klubun məşqçisi Şahin Bəxtiyarov
dedi.
4 kəmər uğurunda keçirilən peşəkar yarışda 4 kəmərdən birini
Tbilisi, digər birini isə Ermənistan idmançısı qazanıb.
Tbilisidə keçirilən beynəlxalq turnirdə Gürcüstanla yanaşı
Ermənistan idmançıları da iştirak ediblər.