Universitetlər artıq bir aydır ki, birbaşa auditoriyada dərslərə
başlayıb,
buna görə də bölgələrdə yaşayan tələbələr dərsə gələ bilmək üçün
müxtəlif yollara baş vururlar. Kimisi Tbilisidə kirayədə qalıb
buradan gedib-gəlir, kimisi isə uzaq kəndlərdən gedib-gəlmək
məcburiyyətində qalır.
Marneuli şəhərində yaşayan, gündəlik Tbilisiyə dərsə gedib-gələn
Aysel Məmmədovanın sözlərinə görə, gedib-gəldiyi zaman fiziki
cəhətdən çox yorulur.
“
İlya Dövlət Universitetinin hazırlıq kurs tələbəsiyəm.
Rayonda yaşadığım üçün gedib-gəlməkdə problemlərlə qarşılaşmıram.
Sadəcə olaraq gündəlik getmək məni fiziki cəhətdən çox yorur.
Tbilisidə kirayədə qalmamağın mənim üçün müsbət tərəflərindən biri
də odur ki, öz tələbatlarımı yerinə yetirirəm, ev işləri ilə məşğul
olaraq vaxt itirmirəm. Əgər, şəhərdə deyil, kənddə yaşasaydım,
gündəlik olaraq getmək mənim üçün istər nəqliyyat, istərsə də maddi
baxımdan daha çox çətinlik yaradardı”, – Aysel Məmmədova
bildirir.
Hər gün Marneuli rayonunun Sadaxlı kəndindən Tbilisiyə dərsə
gəlib-gedən tələbə Aytən Məmmədovanın sözlərinə görə, o kəndə gec
saatlarda qayıdanda nəqliyyat tapmaqda çətinlik çəkir.
“İlya Dövlət Universitetinin birinci kurs tələbəsiyəm, dərsə
gündəlik olaraq gedib-gəlirəm. Kirayələrin qiyməti qalxdığına görə
gedib-gəlmək məcburiyyətində qalıram. Kirayə ilə yanaşı kommunal
xərclərin də ödənilməsi ailəmin aylıq büdcəsinin yarısından çoxunun
xərclənməsinə səbəb olur. Buna görə də kəndə qayıdıram. Həftənin
iki günü dərslərim gec saatlarda bitdiyi üçün Marneulidən kəndə
qayıdan zaman nəqliyyat tapmaqda çətinlik çəkirəm.
Bəzən elə olur, taksi belə tapa bilmirəm, məcburən
valideynlərim kənddən taksi göndərirlər. Bu isə marşrutla
müqayisədə baha başa gəlir, ona görə ki, gediş haqqı marşrut üçün
iki, taksi üçün isə beş laridir ”, – Aytən Məmmədova qeyd
edir.
Pandemiyaya görə iki il ərzində universitetlərdə təhsil onlayn
rejimdə keçirilirdi. 2022-ci ildən universitetlərdə təhsil ənənəvi
olaraq auditoriyalarda başladı. Amma bu dəfə tələbələr başqa
problemlə qarşılaşdı.
Belə ki, Ukrayna və Rusiya arasında başlayan müharibəyə görə
paytaxt Tbilisidə kirayə evlərin qiyməti artdı. Buna görə də
regionlardan Tbilisiyə gedən tələbələr kirayə ev tapmaqda çətinlik
çəkirlər. Məcbur olurlar ki, dərslərə evlərindən
gedib-gəlsinlər.
müəllif: Gülçin İsmailova