Marneulidə su və kanalizasiya sisteminin tikinti işlərinə yenidən başlanılıb (FOTO)
Marneulidə su və kanalizasiya sisteminin tikinti işlərinə yenidən başlanılıb. Bu barədə Marneuli meriyası məlumat yayımlayıb. Məlumata görə, Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin direktoru Aleksandre Tevdoradze və müavinləri, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Gürcüstan Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur Darğallı və yerli özünüidarənin rəhbər şəxsləri tikinti işlərini nəzərdən keçiriblər.

“Marneuli şəhərinin 24 saat su ilə təmin edilməsi üçün su təchizatı şəbəkəsi tamamilə yenilənəcək, müasir nasos stansiyası və yeni su anbarları tikiləcək. Bununla yanaşı, kanalizasiya şəbəkəsinin tikinti işləri davam etdirilir. İşlər 4 ayrı mərhələdə aparılır və 15 ay ərzində, mərhələli şəkildə başa çatdırılacaq. Nəticədə Marneuli bələdiyyəsinin 22 000 benefisiarı 24 saat su ilə təmin olunacaq. Eyni zamanda, ətraf mühitə təsirin azaldılması məqsədilə beynəlxalq standartlara uyğun, müasir tipli kanalizasiya təmizləyici qurğunun tikintisi davam etdirilir. Tikinti işləri beynəlxalq tenderdə qalib gəlmiş şirkətlər tərəfindən həyata keçirilir. Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir və 135 mln. laridən çox vəsait xərclənəcək”, – Marneuli meriyasının yayımladığı məlumatda deyilir.

8 sentyabr tarixində “Gürcüstan Birləşmiş Su Təchizatı” şirkəti məlumat yayımlamışdı ki, layihənin davam etdirilməsi üçün artıq şirkətlərlə müqavilə bağlanıb.

“Birləşmiş Su Təchizatı Şirkəti” Marneuli su və kanalizasiya, eləcə də Bolnisinin kanalizasiya sistemi, kollektorun tikintisini davam etdirir. Layihəni beynəlxalq tenderdə qalib gəlmiş iki şirkət həyata keçirəcək. Müvafiq müqaviləni Birləşmiş Su Təchizatı Şirkətinin direktor müavini Quqa Kakabdze və müqavilə bağlayan şirkətlərin nümayəndələri: “China Geo - Engineering Corporation’’ (CGC) –in regional direktoru Çenqjou Hem və “POLAT Yol Yapi Sanayi ve Ticaret Anonim Sirkei’’-nin maliyyə meneceri Qiuni Beldirim imzalayıb”,
– məlumatda qeyd olunmuşdu.

Marneuli su və kanalizasiya sisteminin, Bolnisinin kanalizasiya sisteminin tikinti işləri 6 müstəqil layihə olaraq həyata keçiriləcək. Qalib gələn şirkətlər işləri 15 aya başa çatdırmalıdır.

Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və bunun üçün 47 003 251 dollar ayrılıb.

Qeyd etmək lazımdır ki, Marneulidə su təchizatı sisteminin dəyişikliyi barədə hələ 2018-ci ildən müzakirə aparılırdı. 4 il əvvəl, Marneuli bələdiyyəsinin 35 200-ə qədər sakininə, 24 saat ərzində içməli su veriləcəyi ilə bağlı vəd vermişdilər. Layihənin həyata keçirilməsinə Marneuli şəhəri və kəndlərdə 2019-cu ildən başlanılıb. Yollar qazıldı, borular çıxarıldı, infrastruktura ziyan dəydi, sıradan çıxmış yollara görə ictimai nəqliyyat və yerli sakinlərin maşınları xarab oldu. Layihə “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin martına qədər başa çatdırılmalı idi. Ancaq şirkət götürdüyü öhdəliyi yerinə yetirə bilmədi və buna görə 55 940 022 dollar dəyərində layihə dayandırılrdı. “Akelik Group” əməkdaşların maaşını ödəmədi və buna görə şirkətə qarşı məhkəmə işləri də başladı. Nəticədə şirkətə 9 əməkdaşa maaş ödənilməsi öhdəliyi qoyuldu.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
თეგები: Kanalizasiya Marneuli Su
FaceBook Twitter Google