Marneuli yerli özünüidarəsi meriya əməkdaşları tərəfindən 2 iyul
hadisələri ilə əlaqədar intizam məsuliyyəti müəyyən etməyib.
Mülki fəal Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, meriyadan Marneuli bazar ərazisində keçirilən “Evə -
Avropaya doğru” aksiyanı pozmağa cəhd edən məmurların intizam
məsuliyyətini müəyyən etməyi tələb ediblər.
“Gürcüstan qanunvericiliyinə əsasən, dövlət
məmurlarının konkret etika normalarını qorumaq öhdəliyi verilir.
Hər hansı dövlət məmuru ictimai xidmət prinsiplərini, neytrallığı
qorumağa və ictimai xidmətin reputasiyasına təhlükə yaradacaq
hərəkətlərdən çəkinməyə məcburdur. Eləcə də İctimai Müəssisələrdə
Maraq Uyğunsuzluğu və Rüşvətxorluq Haqqında Gürcüstan Qanununun
13-cü maddəsinə uyğun olaraq da dövlət məmuru öz səlahiyyətini
Gürcüstan qanunvericiliyi əsasında həyata keçirməlidir. Həmçinin,
Gürcüstan Konstitusiyasının 17-ci maddəsi fikir və məlumatın
yayımlanmasının məhdudlaşdırılması hüququnu yaxşı təsvir edir.
Meriya əməkdaşları məhz buna cəhd göstərirdilər və buna görə biz
dayanmağa məcbur olduq, məlumatlandırma məqsədi daşıyan
planlaşdırdığımız tədbiri davam etdirə bilmədik. Bu adamların
hərəkətləri onların intizam məsuliyyətinin müəyyən edilməsi üçün
kifayət idi. Amma təəssüf olsun ki, meriyanın konkret xidməti,
Müfəttişlik və Nizam-İntizam Xidməti pozuntunu müəyyən
etmədi”.
Samirə Bayramovanın sözlərinə görə, bir halda ki, Marneuli meriyası
əməkdaşların intizam pozuntusunu müəyyən etməyib, bu gün, 21 noyabr
tarixində meriyanın qərarını məhkəməyə şikayət etməyi
planlaşdırır.
“Bu gün artıq Bolnisi məhkəməsinə şikayət verdik. Bir
halda ki, meriyanın xidməti əməkdaşlarının heç bir nizam-intizam
qaydaları pozuntusu etmədiyini qeyd edib. Müvafiq olaraq biz
bələdiyyəni məhkəməyə şikayət edirik. Bu halda qarşı tərəf Marneuli
meriyasıdır. Əsas tələb isə həmin məmurların intizam məsuliyyətinin
müəyyən edilməsidir. Çünki Marneuli meriyasının özü bunu
etmədi”.
2 iyul tarixində, “Evə - Avropaya doğru” hərəkatı Marneuli bazar
ərazisində əhali ilə görüşüb bukletlər paylayırdı. Mülki fəallar
yerli sakinlərə Avropa İttifaqı dəyərləri və Gürcüstanın Avropa
İttifaqına namizədlik statusu almasına görə atdığı addımlar barədə
məlumat verirmişlər. Yerli özünüidarə nümayəndələri bu prosesdə
fəallara mane olublar.
Rövşən İsgəndərov, Besik Qelenidze, Soso İnadze, Rima Otaraşvili,
İrma Zarkua, Qela Mumladze, Kamran Kiryakov, Qiorqi Mtvarelidze,
Aleksandre Urumovi, Kako Şubitidze, Həsən Həsənov, Şermadin
Boçoidze, Mamuka Xarşiladze – bu Marneuli meriyasının və Bələdiyyə
Məclisinin Marneulidə, 2 iyul tarixində Avropa İttifaqı barədə
məlumatlandırma kampaniyasına mane olmaqda iştirak edən
əməkdaşlarının natamam siyahısıdır.