Marneulidə eyvanları uçmuş binanın bərpası üçün 2 121 737 lari dəyərində tender elan olunub
Marneuli meriyası Nərimanov küçəsi 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dam örtüyü və eyvanların bərpası işləri üçün 2 121 737 lari dəyərində tender elan edib.

Beş aydır ki, Marneulidə, Nərimanov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının iki eyvanı uçub.

Hadisə nəticəsində iki qadın həyatını itirmişdi. Beşinci mərtəbənin eyvanı 26 iyun tarixində uçmuşdu və bu dördüncü mərtəbənin eyvanının uçmasına da səbəb olmuşdu.

Hadisədən sonra Marneuli meriyası vətəndaşları mehmanxanaya yerləşdirdi. Eyvanları uçmuş binanın vəziyyətini Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosu araşdırıb. Nəticəyə əsasən binanın bərkidilmə-gücləndirməyə ehtiyacı var. Buna baxmayaraq bina sakinləri yenidən öz mənzillərinə qayıdıblar. Yerli özünüidarə 2022-ci ilin 18 noyabrında binanın bərpası üçün tender elan edib.

Meriya tərəfindən elan edilmiş tenderə görə, binada və dam örtüyündəki su çənləri söküləcək, dam örtüyündəki daşlar kran vasitəsilə çıxarılacaq, eləcə də eyvanlar söküləcək.

“İndiki mərhələdə qeyd olunan konstruktiv tədbirlərin aparılmasını mütləq hesab edirik”:

• Dəmir-beton bünövrənin qoyulması ilə mərhələli şəkildə bünövrənin möhkəmləndirilməsi
• Bütün mərtəbələrdə pilləkənlərin dəmir elementlərlə bərkidilməsi
• Müəyyən hissələrdə ölçüdən irəli gələrək dəmir elementlərlə yeni eyvanlar qurulacaq
• Texniki mərtəbədə taxtadan dam örtüyü qurulacaq
• Binaya su verilməsi problemindən irəli gələrək ətraf ərazidə su çənləri və nasosun yerləşdirilməsi üçün köməkçi tikili olacaq.
• Binanın fasadı təmizlənəcək və boyanacaq. Bunun üçün torla xərəklər quraşdırılacaq və s.”
– tenderdə yazılıb.

Yaşayış binasının dam örtüyünün/eyvanların bərpası işləri üçün tenderdə iştirak etmək istəyən şirkətlər 4-9 dekabr tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib gələn şirkət müqavilə bağlandıqdan 180 gün ərzində işləri təhvil verməlidir.

"Marneuli" Radiosu

Print
თეგები: Bina Eyvan Marneuli