Marneulidə “Yaşıl Marneuli üçün - Yaşıl Yürüş” adlı aksiya keçirildi (FOTO)
Bu gün, 23 noyabr tarixində Marneulidə “Yaşıl Marneuli üçün - Yaşıl Yürüş” adlı aksiya keçirildi. Gənclərin iştirakı ilə təşkil olunan aksiya Marneuli meriyasının qarşısından başlayaraq bazar ərazisinə qədər davam etdi. Əllərində plakatlarla hərəkət edən gənclər Marneuli bələdiyyəsində ekoloji problemlərlə bağlı əhaliyə məlumatlar çatdırmağa çalışdılar.

Yürüşün əsas məqsədi Marneulidə ekoloji problemlərin gündəmə gətirilməsi, əhalinin ekoloji maariflənməsinə töhfənin verilməsi, yerli hakimiyyətin “Yaşıl Marneuli” üçün gənclərlə əməkdaşlıq etməsi və bələdiyyədə ətraf mühitin mühafizəsinə diqqətin artırılmasıdır.


“Yaşıl Düşüncə” təşəbbüs qrupunun həmtəsisçisi Gülgün Məmmədxanovanın sözlərinə görə, Marneuli rayonu digər qonşu bələdiyyələrə nisbətən ekoloji baxımından çox çirklənib. Burada bir çox önəmli faktorlar əsas rol oynayır.

“Əhalinin ekoloji maariflənməsi və ekoloji təhsilin çox aşağı olmasıdır. Adicə biz avtobusda olan zaman sürücülər, sərnişinlər su və yaxud şirə içirlər. Həmin qabları pəncərədən yerə atırlar. Bu onlar üçün sadə bir şeydir və bunun insan üçün nə qədər təhlükəli olduğunu dərk etmirlər. Təbiətə vurduğumuz ziyan həmin an bizə özümüzə geri qayıdır. Məsələn balıqlar, mal-qara plastikləri, zibilləri qida olaraq qəbul edirlər. Biz həmin dəniz məhsullarını və ət məhsullarını istifadə edən zaman həmin mikro plastiklər bizim bədənimizə daxil olur. Ona görə də biz Marneuli yerli əhalisini və Marneuli yerli hakimiyyətini ətraf mühitin qorunması üçün əməkdaşlığa çağırırıq. Və bu istiqamətdə daha çox layihələr olsun, aktivliklər olsun və birlikdə hərəkət edək. Çünki elə bir zaman gələ bilər ki, bu artıq gec ola bilər”, – Gülgün Məmmədxanova dedi.


Aksiyada iştirak edən Sədi Sadıqovun bildirdiyinə görə, onların əsas məqsədləri təbiəti qorumaqdır. Sadıqov düşünür ki, rayonun özündə və kəndlərində zibil qablarının sayı yetərli deyil. Buna görə də zibil qablarının sayı artırılmalıdır və tez-tez daşınması həyata keçirilməlidir.

“Meriyanın qarşısına yığılmaqda əsas məqsədimiz odur ki, bu cür problemlərin həllində meriyanın da mühüm rolu var. Sadə bir misal deyə bilərik. Bu gün rayonumuzda və kəndimizdə çox sayda maşın görürük. Bu da çoxlu sayda zəhərli qazların havaya buraxılmasıdır. Amma meriya bununla mübarizə üçün kütləvi olaraq ictimai nəqliyyatın sayını artırsa, buna müsbət təsiri olar. Və havamız daha yaxşı olar. Eyni zamanda meriya yaşıllaşdırma tədbirlərinə start versə, müəyyən aksiyalar həyata keçirsə, bələdiyyəmiz üçün çox yaxşı olar”, – Sədi Sadıqov dedi.

Təşkilatçılarının sözlərinə görə, onlar bir sıra kəndlərdə təmizlik aksiyaları da həyata keçiriblər və bu cür aksiyalar yenə də davam edəcək. Aksiyanın sonunda “Yaşıl Düşüncə” təşəbbüs qrupunun üzvləri bəyanat da oxudular. Həmin bəyanatı sizə olduğu kimi təqdim edirik:


Print