Ekspert: Orta Dəhliz barədə məhsuldar müzakirələrimiz oldu
“Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən bu müzakirələrə, onu dinləməyə və Prezidentin bizim suallarımızı cavablandırmasına şad olduq”.


Bu barədə noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Ekaterina Metreveli jurnalistlərə açıqlamasında deyib.

Ekspert Azərbaycan Prezidentinin regional vəziyyət, və bölgədə nəqliyyat və kommunikasiya şəbəkələrinin açılması ilə bağlı suala cavab verdiyini bildirib: “Gürcüstan perspektivindən yanaşdıqda, mənim burda olmağım çox vacib idi, mən nəqliyyat, karqo və enerji sahəsində əməkdaşlıq imkanları və bu sahələrdə regional əməkdaşlığın güclənməsi istiqamətində Azərbaycan tərəfinin planları ilə tanış oldum. Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq, regional vəziyyətlə bağlı məsələlərdən əlavə, Mərkəzi Asiya ilə əməkdaşlıq, Orta Dəhlizin potensialı və s. barədə kifayət qədər məhsuldar müzakirələrimiz oldu”.

Ekaterina Metreveli Azərbaycanın “yaşıl enerji”yə əsaslanan elektrik istehsalı istiqamətində görülən işlər barədə də kifayət qədər məlumat aldığını qeyd edib.

O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidini ifadə edib: “Regionda sülhün və stabilliyin əldə olunmasına alternativ yoxdur və mən ümid edirəm ki, biz qısa zamanda buna nail olacağıq. İnanıram ki, Azərbaycan və Ermənistan üçün məqbul sülh sazişi əldə olunacaq. Bunun üçün başqa yol yoxdur, sülh və sabitlik əməkdaşlıq üçün əsas şərtdir”.
Mənbə: apa.az

Print