Təkəli sakinləri torpaq məsələsi ilə bağlı problemlə əlaqədar Kvemo
Kartli qubernatoru ilə görüşüblər. Təkəli sakini Şirin Əhmədov da
Qiorqi Doxturişvili ilə keçirilən görüşdə iştirak edib.
O, bildirdi ki, bu gün konkret həll yolları tapılmadı, ancaq onlara
vəd veriblər ki, torpaq məsələsində iştirak edən bütün tərəflər
bir-biri ilə görüşəcəklər və qərar elə qəbul olunacaq.
“10-12 nəfəri içəri buraxdılar. Bizə bəzi təkliflər
etdilər. Camaat bunlarla razılaşmadı. Yəni bizə Bavakər dağının
ətəyində olan torpaq sahəsini təklif etdilər. Camaat da onunla
razılaşmadı. Ora bizə çox uzaqdır. Özü də qonşu kəndin yeridir.
Bizə heç cür sərf eləmir. Biz xahiş etdik və məsləhət gördük ki,
yerlər dəyişdirilsin. Onlar gedib Bavakər dağında bağ salsınlar.
Camaatın istifadə etdiyi torpaq isə özünə qalsın. Qubernator da
dedi ki, mən həmin şəxsləri də, sizi də çağıracağam. Mənim yanımda
məsələni həll edərik. Mən sizi razılaşdıracağam. Çalışacağam ki,
siz deyən kimi baş tutsun. Siz də öz vəziyyətinizi söyləyərsiniz.
Onlar da yəqin ki, sizi başa düşərlər. Biz də bununla razılaşdıq.
Torpaqları dəyişdirmək yolu ilə razılaşdıq. Razı olsalar, sülh yolu
ilə yerləri dəyişdirəcəyik. Onlar gedib başqa yerdə bağ salacaqlar.
Camaat da öz əkib biçdiyi yeri istifadə edəcək. Nəticəni
gözləyəcəyik. Ondan sonra qərar qəbul edəcəyik”, –
Şirin Əhmədov dedi.
Təkəli sakinləri torpaq məsələsi ilə bağlı Sosial Ədalət Mərkəzinə
müraciət ediblər. Təşkilat 1 dekabrda yerli skainlərlə görüş
keçirib. Sosial Ədalət Mərkəzinin hüquqşünası Keti Çutlaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunan
mövzuda hüquqi araşdırmaya başlayırlar.
“Bildiyiniz kimi, bir az əvvəl sakinlərə aydın olub ki,
onların istifadə etdiyi torpaq sahəsi dövlət tərəfindən başqa şəxsə
verilib və onlar buna etiraz edirlər. Dövlətin, əlbəttə, məlumatı
var idi ki, bu torpaq sahələrinə yerli əhali sahiblik edirdi. Yerli
özünüidarə bilirdi ki, bu onların yeganə gəlir mənbəyidir. Ancaq
təəssüf ki, dövlət qurumları və yerli özünüidarə bu məsələni nəzərə
almayıb. Heç bir vəziyyəti qiymətləndirmədən, araşdırmadan, torpağı
icarəyə verməyə qərar veriblər. Bu gün sakinlər qubernator ilə
görüş keçirdilər və onların dediklərinə görə, müəyyən vədlər
veriblər. Alternativ torpaq sahəsinin təklif edilməsindən söhbət
gedir və yaxın gələcəkdə, yəqin ki, həmin torpaq sahəsini icarəyə
götürənlərlə də görüş keçiriləcək. Sonra artıq danşıqlar prosesinə
başlanlacaq”.
Sakinlər bildirirlər ki, torpaq sahəsinin başqasına verilməsi
barədə qısa müddət əvvəl biliblər. Söhbət 32 hektardan gedir. Həmin
torpaq sahəsini sakinlər hər il məhsul becərmək üçün şumlayırmış və
bir hektara illik 102 lari icarə haqqı verirlərmiş. Onlar yeganə
gəlir mənbələrinin əllərindən alınacağından qorxurlar. 30 noyabrda
yerli sakinlər Marneuli meiryası qarşısında etiraz aksiyası
keçiriblər. Onlar Marneuli meri Kənan Ömərovla görüşməyi və
vəziyyəti aydınlaşdırmağı tələb edirdilər. İki saatdan artıq davam
edən aksiyada Təkəli sakinlərini cavabsız qoyublar.