Meriya onların fəaliyyətini işıqlandıracaq media vasitələrinə 4980 lari ödəyib
Marneuli meriyası xəbər agentliyinə (İnterpressnews) onların fəaliyyətini işıqlandırması üçün 4 980 lari ödəyib. Yerli özünüidarə xidməti sadələşdirilmiş qaydada alıb.


“İnterpressnews” 2023-cü ildən meriyanın keçirdiyi tədbirləri işıqlandırmaq öhdəliyi daşıyacaq. Eyni zamanda, ayda ən az 10 dəfə elanlar yayımlayacaq. İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze Marneuli meri Kənan Ömərova media vasitələrinə pul ayrılması tələbi ilə müraciət edib.

“Xatırladım ki, yerli özünüidarə üçün bələdiyyədə planlaşdırılan və keçirilən tədbirlərin, eləcə də infrastruktur layihələri, sosial proqramlar, mədəni, idman tədbirləri və s. kimi mühüm tədbirlər haqqında məlumatın yayımlanması prioritetdir. Əhalinin məlumatlandırılması məqsədi ilə məlumat agentlikləri ilə sıx əməkdaşlığı mühüm məsələlərdən biri hesab edirik. 2023-cü ilin yanvar ayından dekabr ayına qədər məlumat agentliyi bələdiyyənin verdiyi məlumatları öz veb-səhifəsində yayımlamalıdır. Bu bələdiyyə üçün əlavə məlumat yayımlama aləti olacaq. Agentliklə əməkdaşlıq çərçivəsində bələdiyyənin fəaliyyətinin, həyata keçirilən tədbirlərin, eləcə də elan və başqa mühüm məlumatların hər ay, ayda 10 dəfə yayımlanması məqsədəuyğundur. Buradan irəli gələrək, xahiş edirik, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün müvafiq xidmətə məsələnin müzakirə edilməsi haqqında tapşırıq verəsiniz”,
– izahatnamədə yazılıb.

Qeyd olunan xidmətin dəyəri ayda 415 laridir. Qeyd edək ki, Marneuli meriyası məlumat yayımlaması üçün “İnterpressnews”-a 2022-ci ildə də pul ödəyib. Ancaq bu bələdiyyənin illik pul ödədiyi yeganə media vasitəsi deyil.

"Marneuli" Radiosu

Print