Marneuli yerli özünüidarəsi 2023-cü ildə televiziya xidmətinin
alınması üçün tender elan edib. Meriya televiziya xidmətinin 99 800
lariyə alınmasını planlaşdırır.
“İctimaiyyət üçün vacib məlumat daşıyan audio-vizual çıxışların
efirdə gürcü və azərbaycan dillərində (Bir materialın müddəti ən az
30 saniyə), sifarişçinin tələbinə uyğun olaraq yerləşdirilməsi;
Mer və ya onun müavinlərinin, yaxud Bələdiyyə sədrinin, onun
müavinlərinin, qeyri-kommersiya təşkilat rəhbərlərinin, xidmət və
ya şöbə rəhbərlərinin hesabatları, brifinqlər (meriyadan və ya
televiziyadan) canlı və onlayn fəaliyyətlər, yeni il, dini
bayramlar, eləcə də idman, mədəni tədbirlər, teatr nümayişləri,
konsertlər və ictimaiyyət üçün mühüm olan digər hadisələrin canlı
yayımlanması (sifariş verənin tələbinə uyğun olaraq).
Bələdiyyə Məclisi iclaslarının, tədbirlərin, büro iclaslarının
(razılaşma ilə), hesabatların, merin və ya onun müavinlərinin
iclaslarının, hesabatların, bir materialı, xronometraj, ən az 10
dəqiqə, gürcü, azərbaycan dillərində televiziya efirində
yayımlanması”, – tender təklifində qeyd olunub.
Bu gün, 17 yanvar tarixində Marneuli meriyasının İctimaiyyətlə
Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, 2023-cü il
ərzində televiziya xidməti tenderi elan olunana qədər bazar
araşdırması aparılıb. Buna uyğun olaraq tenderin ümumi dəyəri
müəyyən edilib.
Marneuli meriyası ötən il, 2022-ci ildə bu tipli tenderi 145 000
lariyə elan etmişdi. 2021-ci ildə isə televiziya xidməti tenderinin
dəyəri 95 800 lari idi. Ötən il Marneuli meriyasının İnzibati
Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirmişdi ki, 2022-ci il ərzində televiziya xidməti
tenderinin artırılmasına ümumi vaxtda artırılmış miqdar səbəb olub.
O, 2021-ci ildə meriyanın müqavilə əsasında aldığı canlı yayımların
və efir vaxtlarının kifayət olmadığını bildirib. Əhalinin tam
məlumatlandırılması üçün isə vaxt artırılmalı idi, buna görə
tenderdə nəzərdə tutulan pulun miqdarı da artırılmışdı.
Qeyd edək ki, Marneuli meriyası televiziya xidməti üçün pulu
2018-2020-ci illərdə mərhələli olaraq artırırdı. Məsələn, 2018-ci
ildə həmin məqsədlər üçün 72 000 lari, 2019-cu ildə 86 000 lari,
2020-ci ildə 125 640 lari dəyərində tender elan edilmişdi.
Son illər ərzində Marneuli meriyası tərəfindən elan edilmiş
televiziya xidmətinin alınması tenderlərində “Marneuli Tv” rəqibsiz
olaraq qalib gəlib.